Türkiyənin Hatay şəhərində yaşayan 8 yaşlı Asya Alyanak rəssamlıq sahəsində qazandığı uğurlarla diqqət çəkib.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hələ 2 yaşında rəsm çəkməyə başlayan balaca istedad son 6 il ərzində müxtəlif müsabiqələrdə 62 medal qazanaraq şəxsi sərgisini təşkil edib.
Məlumata görə, Asya ilk rəsm müsabiqəsində 4 yaşında iştirak edib. O, bu günədək milli və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edərək bir sıra mükafatlara layiq görülüb. Balaca rəssam 3 dəfə dünya ikincisi, 1 dəfə isə dünya birincisi olub.
Asya rəsm, musiqi və ümumi istedad istiqamətləri üzrə təhsil alır. Onun sözlərinə görə, bir əsərin hazırlanması bir neçə gündən bir neçə həftəyədək vaxt aparır. O, rəsmlərini çəkərkən əvvəlcə kompozisiyanı formalaşdırır, daha sonra xəyalında canlandırdığı təsvirləri kağız üzərinə köçürür.
Qeyd edək ki, Asya Alyanak yalnız rəssamlıq sahəsində deyil, digər istiqamətlərdə də fəallığı ilə seçilir. O, ingilis dili üzrə beynəlxalq yarışmada dünya ikincisi olaraq gümüş medal qazanıb və eyni zamanda riyaziyyat olimpiadalarında iştirak edir.