Qida rasionundan saxarozanın tamamilə çıxarılması sağlamlıq üçün əvvəllər düşünüldüyündən daha ciddi fəsadlar yarada bilər. Küveytin Dasman Diabet İnstitutunun tədqiqatçıları belə gözlənilməz nəticəyə gəliblər.
AzEdu.az xəbər edir ki, ABŞ Endokrinoloqlar Cəmiyyətinin Çikaqoda keçirilən ENDO 2026 illik elmi konfransında təqdim olunan heyvanlar üzərində aparılmış eksperimentin nəticələrinə görə, az yağlı pəhriz fonunda şəkərdən tam imtina maddələr mübadiləsində ciddi pozuntulara və iltihabı proseslərin yaranmasına səbəb olur.
İndiyədək yağ qəbulunun azaldılması fonunda karbohidratların tamamilə məhdudlaşdırıldığı sərt pəhrizlərin orqanizmə təsiri kifayət qədər öyrənilməmişdi. Doktor Raşid Əhmədin rəhbərlik etdiyi tədqiqat qrupu 16 həftə ərzində iki qrup laboratoriya siçanını müşahidə edib.
Hər iki qrup az yağlı qidalar qəbul etsələr də, nəzarət qrupunun rasionunda saxaroza mövcud olub, ikinci qrupun qidasından isə şəkər tamamilə çıxarılıb. Tədqiqat zamanı bioloqlar qlükoza tolerantlığını, insulinə həssaslığı, qandakı metabolik hormonların səviyyəsini, bağırsaq mikrobiomunun tərkibini, həmçinin yoğun bağırsaq və qaraciyərdə iltihab göstəricilərini ətraflı şəkildə qiymətləndiriblər.
Araşdırmanın nəticələri alimlər üçün ciddi narahatlıq yaradıb. Rasionunda saxaroza olmayan gəmiricilərdə aşağıdakı problemlər qeydə alınıb:
• Qanda qlükoza səviyyəsinin tənzimlənməsinin pozulması;
• İnsulinə qarşı müqavimət (prediabet vəziyyəti);
• Bağırsaq mikroflorasında kəskin disbakterioz və mikrob balansının pozulması;
• Bağırsaqlarda iltihab;
• Qaraciyərin piylənməsi (yağlı hepatoz).
Bununla yanaşı, tədqiqatın müəllifləri mühüm bir məqama diqqət çəkirlər, belə ki, hər iki qrupdakı heyvanların bədən çəkisi demək olar ki, eyni qalıb. Şəkərsiz qidalanan siçanlarda maddələr mübadiləsinin pozulması və daxili iltihabi proseslər çəki artımı olmadan, gizli şəkildə inkişaf edib.
“Az yağlı pəhriz zamanı saxarozanın tamamilə rasiondan çıxarılması gözlənilmədən bağırsaq sağlamlığını pozur və orqanizmdə sistemli iltihabı gücləndirir. Bu isə göstərir ki, balanslaşdırılmış qidalanma şəkərin kor-koranə şəkildə rasiondan çıxarılmasından qat-qat vacibdir”, — deyə doktor Raşid Əhməd bildirib.
Onun sözlərinə görə, karbohidratların müəyyən həcmdə qəbulu bağırsaq mikroflorasının tarazlığının və immun sisteminin normal fəaliyyətinin qorunması üçün həyati əhəmiyyət daşıyır.
Əldə olunan nəticələr gələcəkdə rəsmi qidalanma tövsiyələrinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola bilər. Belə ki, şəkərə qoyulan sərt qadağalar əvəzinə diqqətin sağlam və müxtəlif bağırsaq mikrobiomunun qorunmasına yönəldilməsi xroniki iltihabların və qaraciyər xəstəliklərinin daha effektiv qarşısının alınmasına kömək edə bilər.