Azedu.az

QS reytinqindəki nəticələrinə görə ADNSU əməkdaşları təltif edilib

Ali təhsil

19 İyun 2026, 10:50
QS reytinqindəki nəticələrinə görə ADNSU əməkdaşları təltif edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) QS Dünya Universitetləri Reytinqində əldə etdiyi tarixi nəticəyə həsr olunmuş görüş keçirilib.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, görüşdə ADNSU-nun rektoru dosent Rüfət Əzizov çıxış edərək universitetin 2027-ci il üzrə QS World University Rankings nəticələrinə əsasən 711–720-ci yer aralığında qərarlaşmasının mühüm nailiyyət olduğunu bildirib. Rektor qeyd edib ki, ADNSU ötən ilki 851–900-cü yer aralığından bu il 711–720-ci yer aralığına yüksələrək qlobal reytinqdə təxminən 180 pillə irəliləyib. O, bu nəticənin universitetdə son illərdə aparılan sistemli islahatların, təhsil keyfiyyətinin artırılması, elmi-tədqiqat potensialının gücləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və sənaye ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərin nəticəsi olduğunu vurğulayıb.

Daha sonra rektorun reytinqlər üzrə müşaviri, dosent Ülviyyə Abbasova təqdimatla çıxış edərək ADNSU-nun QS reytinqində əsas indikatorlar üzrə əldə etdiyi irəliləyişlər barədə məlumat verib. Bildirilib ki, universitet “İşəgötürənlər arasında reputasiya” göstəricisi üzrə 685-ci yerdən 477-ci yerə, “Məzunların məşğulluq nəticələri” göstəricisi üzrə 391-ci yerdən 368-ci yerə, “Müəllim-tələbə nisbəti” göstəricisi üzrə 208-ci yerdən 172-ci yerə yüksəlib. Eyni zamanda, “Beynəlxalq akademik heyət” göstəricisi üzrə ADNSU 456-cı yerdən 376-cı yerə, “Əcnəbi tələbələr” göstəricisi üzrə isə 801+ mövqeyindən 736-cı yerə irəliləyib.

Çıxışlarda qeyd olunub ki, bu göstəricilər ADNSU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin gücləndiyini, universitetin məzunlarının əmək bazarında rəqabət qabiliyyətinin artdığını, tədris mühitinin yaxşılaşdığını və beynəlmiləlləşmə istiqamətində mühüm nəticələr əldə edildiyini göstərir.

Görüşün sonunda ADNSU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlarda əməyi olan əməkdaşlar təltif olunublar.

Rusiya getməyi dayandırın, əks halda...- ABŞ-dən təcili xəbərdarlıq
Son xəbərlərDaha çox