"Sertifikasiyada müəllimin birinci dəfə kəsildiyi halda ona ikinci şansın verilməsinə heç bir ehtiyac yox idi. Yaxşı olardı ki, onun işinə elə sertifikasiyadan keçmədiyi il xitam verilsin".
Bu sözləri "AzEdu podkast"ında təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
O, qeyd edib ki, sertifikasiya imtahanında ilk dəfə iştirak edən müəllimin uğursuz nəticə göstərməməsi gözləniləndir. Lakin bu baş verdiyi təqdirdə belə, ona yenidən hazırlaşmaq üçün bir il vaxt verilir.
Bir illik hazırlıq müddəti müəllim üçün kifayət qədər uzun bir zaman kəsiyidir. Çünki təcrübədə minimal biliklərə sahib abituriyentin belə cəmi bir il ərzində ali məktəbə hazırlaşaraq orta hesabla 300-350 bal toplaya bildiyi hallara rast gəlinir.
Məhz bu səbəbdən, bir müəllimin sertifikasiya imtahanının ikinci cəhdində də uğursuz olmaq ehtimalı demək olar ki, yoxdur. Hesab edirəm ki, ikinci dəfə də lazımi balı toplaya bilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilməsi tamamilə haqlı və humanist bir qərardır.
Hətta fikrimcə, müəllim birinci dəfə uğursuz nəticə göstərdiyi halda ona ikinci şansın verilməsinə də ehtiyac yoxdur; onun işinə elə sertifikasiyadan keçmədiyi həmin ilk ildəcə xitam verilməlidir.
"AzEdu podkast"ı buradan izləyə bilərsiniz: