Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 16:30:00
Paytaxt məktəbində “Zəfər tarixi” muzeyi yaradıldı

Paytaxtdakı 192 nömrəli tam orta məktəbdə Vətən müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə daha yaxından hiss etdirmək üçün “Zəfər tarixi” muzeyi yaradılıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, muzeyin yaradılmasında əsas məqsəd şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.

 

Muzeydə Azərbaycanın Milli qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.

 

Həmçinin muzeydə “Biz qalib gəldik”, “Qarabağ Azərbaycandır”, “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz”, “Rəşadətli Azərbaycan ordusu”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən müharibəsi qəhrəmanları”, “Dəmir yumruq birliyimizdir” mövzularında stendlər nümayiş olunur.

 

Muzeydə şagirdlərin əl işləri olan “Şuşa” və “Xudafərin körpüsü” maketləri yerləşdirilib, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri toplanıb.

 

Məktəb tərəfindən muzeyə dair videoçarx da hazırlanıb.

 

Qeyd edək ki, 192 nömrəli tam orta məktəbdə “Nizami Gəncəvi İli” ilə bağlı “Nizami Gəncəvi 880” guşəsi də yaradılıb. Guşənin yaradılmasında əsas məqsəd Prezident İlham Əliyevin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı müvafiq Sərəncamın icrası, şagirdlərə dahi şairin sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.