https://www.zirve.edu.az/
24.11.2020 09:36
Müəllimlərin sinif jurnalı yazarkən yol verdikləri səhvlər – Bilmədiyimiz məqamlar  

Adətən, məktəb direktorları jurnalın rəsmi dövlət sənədi olduğunu xatırladaraq müəllimlərin onun yazılışı zamanı etdikləri yanlışları açıq-aydın qeyd edirlər. Sinif jurnalına nəzarət direktor və onun müavininin səlahiyyətindədir. Bu, direktorluq vəzifəsinə yeni təyinat alanların da bu barədə bilgilənməsini zəruri edir.

 

AzEdu.az müəllimlərə sinif jurnalı barədə zəruri bilgiləri təqdim edir:

 

Bu qaydalar Təhsil Nazirliyinin 25 mart 1994-cü il tarixli 187 nömrəli əmri ilə təsdiq edilib.

 

Əmrdə qeyd olunub ki, sinif jurnalı rəsmi dövlət sənədidir və onun iki növü var: I-IV və V-XI siniflər üçün. Məktəbin direktoru və təlim-tərbiyə işi üzrə müavin sinif jurnallarına müntəzəm  nəzarət edir. Sinif jurnalı bir dərs ili üçün nəzərdə tutulur və Təhsil Nazirliyinin təsdiq etdiyi forma üzrə hər sinif üçün ayrıca aparılır.

 

Paralel siniflərin jurnalları literlərlə nömrələnir. Məsələn, 1A sinif, 1B sinfi və s.Direktorun təlim-tərbiyə işi üzrə müavini jurnalda ayrılmış səhifələrin bölüşdürülməsi haqqında sinif rəhbərlərinə göstəriş verir: həftədə 1 saat üçün 2, 2 saat üçün 4, 3 saat üçün 5, 4 saat üçün 7,  5 saat üçün 8, 6 saat üçün 9 səhifə nəzərdə tutulur.

 

İkiləşmiş dərslər aparıldıqda hər dərsin tarixi və mövzusu ayrılıqda qeyd olunur. Şagirdi davamiyyəti də burada əks olunmalıdır. Aparılan praktik və laboratoriya işləri, ekskursiya, habelə təkrar dərslərin mövzuları və onlara sərf olunan  saatların miqdarı dəqiq göstərilir.

 

Sinif iki qrupa bölündükdə hər qrup üçün ayrıca səhifə ayrılır.

 

“Sinif jurnalının aparılması haqqında qeydlər” səhifəsi təlim-tərbiyə işi üzrə direktor müavini və məktəbin direktoru tərəfindən doldurulur. Jurnal şagirdlər məktəbi bitirdikdən sonra 5 il saxlanılır. Sonra isə “Şagirdlərin müvəffəqiyyəti haqqında  yekun məlumat” cədvəli çıxarılır və jurnal daimi saxlanılmaq üçün arxivə verilir.

 

Maraq üzrə kurs məşğələlərinin jurnalı da hər qrup üçün ayrılıqda və sinif jurnalının aparılmasına verilən tələblərə uyğun aparılır. Saxlanılma müddəti 5 ildir.

 

Günüuzadılmış qrupun jurnalı da bir dərs ili üçündür. Hər qrup üçün ayrıca jurnal aparılır. Jurnalda yalnız məktəb direktorunun əmri ilə qrupa qəbul olunmuş şagirdlərin soyadları yazılır. Gündəlik mövzular, saatların miqdarı, şagirdlərlə işin qısa məzmunu, həmçinin qrupa gəlməyən, yaxud geçikən uşaqlar haqqında qeydlər aparmaq hər bir tərbiyəçi və dərnək rəhbəri üçün məcburidir.

 

Əgər şagirdin günüuzadılmış qrupa davamiyyəti kəsilibsə və onun  çıxması məktəb direktorunun əmri ilə rəsmiləşibsə, bu məktəblinin çıxması jurnalda qeyd  edilir. İl ərzində qrupa qəbul edilmiş uşaqların soyadları jurnala siyahının sonunda  yazılır. Məktəbdə 3 il saxlanılır.