Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 15:48:00
“Anam ölənə qədər tövlədə bağlı qalan buzovlara görə məyusluq yaşadı” – Qubadlının məktəb direktoru

 

 

 

25 oktyabrda Qubadlı şəhəri düşmən tapdağından azad olunub. 

 

Bu hadisə bütün xalqımızın sevincinə səbəb olduğu kimi qubadlılıların da illərdir, çəkdiyi həsrətə son qoyub.

 

Sumqayıt şəhərində yerləşən Qubadlı məktəbləri də artıq  işğaldan əvvəlki kimi doğma ərazilərində fəaliyyətə başlayacaq.

 

AzEdu.az Qubadlı məktəblərinin direktorları ilə  rayonun keçmiş və indiki təhsil mühiti barəsində söhbətləşib, sevinc dolu təəssüratlarını bölüşüb:

 

Qubadlı rayon Ballıqaya kənd tam orta məktəbinin direktoru Sədaqət Hüseynova­­nın illərdir ki, yaşadığı həsrət artıq sona yetib:

 

“Qubadlı rayonu işğal edilən il Ballıqaya kənd tam orta məktəbindən məzun oldum. 1994-cü ildə isə həmin təhsil müəssisəsində müəllim olaraq fəaliyyətə başladım. Sumqayıta gəldikdən sonra dövlət səviyyəsində yaradılan şərait əsasında məktəbimiz yenidən bərpa edildi. Bura işğal olunan bölgənin təhsil ocağı olsa da, dövlət hər zaman bizə qayğı göstərib. Lakin böyüyüb boya-başa çatdığımız yer tam fərqlidir.  Sumqayıtda təhsil  şəraitimiz yaxşı olub və bir çox sahələrdə öz sözümüzü deməyi bacardıq. Məktəbimiz rayon səviyyəsindən də yüksək nəticələr göstərib. Amma içimizdə hər zaman bir nisgil olub. Şükür Allaha ki, şanlı ordumuz və qüdrətli Ali Baş Komandanın qətiyyəti  nəticəsində Qubadlı şəhəri azad edildi və biz doğma torpaqlarımızda  məskən salacayıq. Uğurlarımızın hamısını orada davam etdirəcəyik.  Hazırda o qədər sevincliyəm ki, onu təcəssüm etdirə bilmirəm. Həsrətlə gözləyirəm ki,  xeyirlisi ilə boya-başa çatdığım vətənimə qayıdım.

 

İstəyirəm ki, öz kəndimiz olan Ballıqaya tezliklə işğaldan azad edilsin  və oraya yenidən qayıdım. Gözləyirik ki,  yaxın günlərdə prezidentimiz kəndimizin işğaldan azad edildiyini desin. Bizim orada normal şəraitli məktəbimiz olacaq. Hər kəs böyük sevinc ilə doğma vətənində  və elində  yaşayıb-yaratmağa həvəslidir.

 

24 müəllim və 135  şagirddən ibarət məktəbimizdə 1-ci sinifdən 11-ci sinifə qədər bütün  siniflər üzrə  komplektlərimiz var.  Qubadlıya döndükdən sonra burada keyfiyyətli təhsilimizi davam etdirəcəyik”.

 

­

Qubadlı rayon  Hafiq Quliyev adına texniki təmayüllü məktəbin direktoru Şamama Həsənova bölgələrinin təhsilindən söz açıb:

 

“Məktəbimiz işğaldan əvvəl çox gözəl şəraitə malik olub. O, kəndimizin ən ehtişamlı və mənzərəli yerində yerləşirdi. Onun həyətində çoxlu yaşıllıq, qoz ağacları, qızıl gül kolları və meyvə ağacları var idi. Məktəbimizin həyəti bir cənnət idi. Kəndimiz Həkəri çayı sahilində bir tərəfi dağ-dərə, bir tərəfi isə çayın sahilində yerləşirdi. 1993-cü ilin avqust ayında erməni mənfurları qəfildən əli yalın xalqa hücum etdilər. Kim  canını qurtara bildisə, qaçıb getdi. Qaçhaqaç vaxtı balaca buzovlarımız həyətimizdəki tövlənin içərisində bağlı şəkildə qaldılar. Anam ölən günə kimi onları bağlı qoyduğumuz üçün çox məyusluq keçirdi".

 

Direktoru olduğum məktəbdə ilk dəfə birinci sinifə getmişəm və ilk iş həyatıma da burada başlamışam. Əvvəl burada dəstə müdiri, sonra isə direktor kimi çalışmışam. Direktor kimi işə 1990-cı ildən başlamışam, 1993-cü ildən isə təhsil müəssisəmiz Sumqayıt şəhərinə köçüb. Dövlətin köməyi ilə fəaliyyətimizi burada davam etdirdik. Uğurlu nəticələrimiz çox olub. İşğaldan əvvəl və sonra da məktəbimiz digər təhsil müəssisələrindən fərqlənib. Ötən il 34 məzunun hamısı ali məktəbə sənəd verib və daxil olublar. Bu il isə 41 məzunumuz ali məktəbə  daxil olub.  O cümlədən, “Sabahın alimləri”  müsabiqəsində şagirdimiz birinci yerə layiq görülüb.

 

Lakin anadan olduğumuz yer tam başqadır. Mənə desələr ki,  vətən haradan başlanır , tərəddüt etmədən deyərdim ki,  çalışdığım məktəb və  çıxdığım evdə başlayır.

 

Məktəbimiz Qubadlıda yenidən qurulacaq və  fəaliyyətini burada davam etdirəcək. Bununla bağlı çox arzu və istəklərim var. Allah qismət etsə, mən o xəyalları həyata keçirəcəm. Qubadlıda daha çox işləməyə və fəaliyyət göstərməyə, şagirdləri vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışacam  İndiki nəsil  xalqımızın dost və düşmənini tanımalıdı. Şagirdlərimiz bu ruhda tərbiyə olunmalıdır. Gənclər  dünyada gedən bu proseslərdən baş çıxarmalıdılar”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları