https://www.zirve.edu.az/
02.10.2020 15:26
Qələbə uzaqda deyil  

Ceyhun Məmmədov, millət vəkili


Bu günlər xalqımız tarixinin növbəti şərəfli anlarını yaşayır. Sevincimizin həddi-hüdudu yoxdur. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı yağı düşməndən azad edir, uzun illərin həsrətinə son qoyur. Biz qələbə çalacağımıza, torpaqlarımızı düşməndən azad edəcəyimizə inamımızı heç zaman itirmədik. 

 

Azərbaycan işğalla heç zaman barışmayacağını dəfələrlə açıq bəyan etmişdi. Paşinyan möhtərəm Prezidentimiz İlham Əliyevin Valday Diskussiya Klubu, Münhen Təhlükəsizlik Konfransı və digər beynəlxalq tədbirlərdə verdiyi dərslərdən nəticə çıxarmadı və Azərbaycana qarşı açıq-aydın təxribata davam etdi. Gah 7 şərt irəli sürdü, gah işğal olunmuş ərazilərimizdə seçki şousu təşkil etdi, gah da beynəlxalq hüququn normalarına əməl etməyərək məskunlşadırma siyasəti həyata keçirdi. Azərbaycan bu təxribatların cavabını layiqincə verməli idi və verdi də.

 

Təəssüf ki, beynəlxalq qurumların və bir sıra müsəlman ölkələrinin ermənilərın təxribatlarına qarşı mövqeləri adekvat olmadı. Həmrəylik və birlikdən danışan müsəlman ölkələri Azərbaycanın bu haqq işində tam birlik və həmrəylik nümayiş etdirmədilər. Azərbaycan hər zaman müsəlman ölkələri ilə əməkdaşlığın inkişafına, İslam həmrəyliyinin gücləndirilməsinə töhfə verib, bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu gün də bütün müsəlman ölkələrindən bu dəstəyi gözləyir.     

 

Münaqişənin həllində xüsusi aktivlik göstərən, Azərbaycanın haqq mövqeyini tam dəstəkləyən yalnız dost və qardaş ölkə Türkiyə oldu. Türkiyə bu dəfə də tarixi missiyanın öhdəsindən layiqincə gəldi, Azərbaycanı tək qoymadı, tam dəstək nümayiş etdirdi. 

 

Azərbaycanın haqq işinə ən qərəzli mövqeyi isə Fransa nümayiş etdirdi. Bu imtahandan da Fransa üzü ağ çıxa bilmədi. Tarixi “missiyasını” yenə də təkrarladı. Haqqın yanında yox, batilin yanında oldu. Müsəlmanlara qarşı qərəzli mövqeyini bu dəfə də nümayiş etdirdi. Azərbaycan xalqı bunu heç zaman unutmayacaq. 

 

Bu gün birlik və həmrəyliyimiz daha möhkəm olmalıdır. Hər kəs Ali Baş Komandanın ətrafında daha sıx birləşməlidir. Qarabağın işğaldan tam azad olunması bu birlik və həmrəyliyin daha da güclənməsindən keçir. Düşmən nə qədər pozmağa çalışsa da, bu gün bu həmrəylik var və hər zaman olacaq.

 

Bu gün Azərbaycan xalqının əhval-ruhiyyəsi yüksək səviyyədədir. Ölkəmizdə toy-bayramdır. Hər kəs bütün torpaqlarımızn işğaldan azad olunacağı günü səbirsizliklə gözləyir. Hər bir Azərbaycan vətəndaşı döyüşməyə hazırdır.

 

Bu gün Cəbrayıl eli sevincli günlər yaşayır, qələbəni toy-bayram edir. 2016-cı ildə Ali Baş Komandan İlham Əliyev cəbrayıllara Cocuq Mərcanlının işğaldan azad olunması ilə böyük sevinc bəxş etmişdi. 2020-ci ildə bizi Cəbrayılın daha bir neçə kəndinin azad olunması ilə sevindirdi. Əminik ki, nəinki Cəbrayıl, bütövlükdə Qarabağ düşmən işğalından azad olunacaq və biz qələbə gününü Şuşa, Xankəndi və digər rayonlarımızda qeyd edəcəyik. O gün uzaqda deyil.