https://www.zirve.edu.az/
26.09.2020 12:50
Pandemiyanın onlayn dərslərinə sözardı..

Bütün dünyanı bürümüş koronavirus pandemiyası ayrı-ayrı ölkələrdə təhsil sistemlərinin normal ahəngini pozub. Buna baxmayaraq, artıq bir neçə aydır ki, müxtəlif ölkələrdə ümumi təhsilin ayrı-ayrı pillələri üzrə yeni tədris ili başlayıb. Özü də necə, yarı əyani, yarı qiyabi, yarı onlayn. Təhlükəsiz məktəb mühiti təmin olunmaqla tədrisin əyani, məsafədən və ya hibrid formada təşkilinə dair  fərqli ölkələrdə müxtəlif yanaşmalar var. Aydın görünür ki, onlara münasibət birmənalı deyil. Bu məsələ təkcə Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün xarakterik haldır.  Təhsil sistemləri bu məsələdə müxtəlif problemlərlə üzləşirlər. Pandemiya ilə mübarizə şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif  ölkələrdə baş qaldıran narahatlıqların geniş palitrası necədir? İnsanlar sosial şəbəkələrdə bu məsələyə hansı prizmadan yanaşır? Nələr təklif edilir?
    Bu suallar əsasında Azərbaycanın yaxın qonşularında pandemiyanın onlayn dərs təcrübələrinə  toxunulur. Gəlin başlayaq Türkiyədən. 

                      Türkiyə

Sosial şəbəkələrdə Türkiyənin milli Təhsil nazirinə ünvanladıqları mesajlarda valideynlər (onların arasında əvvəllər müəllim işləmiş şəxslər də var) yaranmış indiki dövrdə öz övladlarının məktəblərdə distant təhsilə cəlb olunmasının çətinliyi baradə narahatlıqlarını bildirirlər.

 "Uzaqdan öyrənmə üçün əlimizdən gələni etməyimizə baxmayaraq, bu qədər çətindir! Sistem,  təəssüf ki, işləmir. Uşaqlar gün ərzində tədris mühitinə alışa bilmirlər. Zaman -zaman EBA (Türkiyənin virtual tədris proqramı-red) sıxıntı yaradır. Uşaqların əhvalı çox üzücüdür".


Başqa bir valideyn  məktəblərin açılmasını xahiş edir:

 "İşlər irəli getmir. Məktəbləri açın, lütfən. İstəyən uşağını göndərsin, istəməyən göndərməsin. Üz-üzə tədrisi heç nə əvəz etmir. Uşaqlar məktəblərdə daha təhlükəsizdir" 

 

 

 

Bəzi istifadəçilər virtual  dərslərin çox olduğunu deyir:
"Uşaqlar həftədə 40 saat EBA tv Plus canlı dərslərdə olur.  Virtual dərsə daxil ola bilməyən şagirdlərin sayı çox böyükdür. Virtual dərslərin şagird sıxlığının çox olmaması şərtilə əyani dərslərlə dəstəklənməsi daha səmərəli ola bilər".

Sosial istifadəçilərdən Mustafa Sert öz fikirlərini Təhsil nazirinə belə çatdırıb:

"Əziz nazir, distant təhsildə dəhşətli xaos (canlı dərslər haqqında) baş verir. O, valideynlərə, müəllimlərə, şagirdlərə və menecerlərə depressiya bəxş edir... Belə işləmir... Mən bir müəllim və valideyn kimi demək istəyirəm ki, bütün həvəsim, qətiyyətim və həyəcanım tezliklə tükənəcək ....

"EBA bağlantısı ilə əlaqədar problemləri olan müəllimlərin  B planı olaraq əllərində Zoom bağlantıları var idi. Biz əlaqə linkini göndərdik və dərsimizi etdik. Biz dedik ki, istənilən ssenariyə hazırıq. EBA - dan daxil ola bilənlər oradan girdi, oradan daxil ola bilməyənlər göndərdiyimiz linkə daxil oldular. Sonda  virtual sinif və biz, müəllimlər dərsə hazır idik.  Problem istəyənə problem, həll istəyənə həll tapılır". 

 

                                          Rusiya

Rusiyada yeni tədris ili başladıqdan sonra məsafədən tədrisin tətbiqi ilə bağlı ölkə üzrə 15 min ailənin iştirakı ilə sorğu keçirilib.

Valideynlər uzaqdan təhsilin əsas çatışmazlıqlarını sadalayıblar. Valideynlərə görə, ciddi çatışmazlıqlar internet bağlantısının keyfiyyətinin aşağı olması (34 faiz), onlayn platformaların işindəki fasilələr (29 faiz) və müəllimlərin aşağı rəqəmsal savadlılığıdır (20 faiz). Bundan əlavə, şagirdlərin aşağı motivasiya səviyyəsi (10),  rəqəmsal kontentin keyfiyyətinin qeyri-qənaətbəxş olması da diqqətçəkicidir.
Valideynlərin 72% - i hesab edir ki, distant təhsil klassik formatda tədrislə müqayisə oluna bilməz. Onların fikrincə, distant tədris zamanı uşaqlar tez-tez yayınırlar, müəllimlər isə nizam-intizamı izləmək imkanına malik deyillər. Buna görə də, intizamlı məktəblilər məlumatları lazımi səviyyədə mənimsəyirlər, geridə qalanlar isə "müəllimlərin diqqətini ala bilmirlər, təhsilə olan maraq səviyyəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırırlar".

 

                            Gürcüstan

Gürcüstanda internet istifadəçilərinin əksəriyyəti ölkədə təhsilin onlayn rejimdə başlamasından  məyusdur. Hadisələrin bu cür inkişafı uzun müddətdir ki, yeni tədris ilinin başlanmasını gözləyən valideynləri və uşaqları həyəcanlandırıb.

Marina Osipova: " Bundan sonra evdə təhsil alacaq, məktəbdə imtahan  verəcəklər, müəllimlər ixtisar olunacaq - tam  qarışıqlıdır". 

David Canaşvili prosesin uzanmasının tərəfdarıdır: "2021 - ə qədər daha yaxşıdır)).

Xatuna Kekua: " Allahım, nə vaxt bitəcək bunlar, artıq bezdik". 

Culia Permiyakova: "Məktəblərdə təkcə ibtidai və orta sinif uşaqları deyil, bütün uşaqlar olmalıdır. Yuxarı sinif şagirdləri də biliklərə, ünsiyyətə və ictimailəşməyə ehtiyac duyur! Bu, hüquqların pozulması, inkişaf etməkdə olan şəxsiyyətin yaş psixologiyasının bütün qanun və qaydalarının pozulmasıdır...".

Kaxa Qobronidze:
Mən Gürcüstanda yeni nəslə  yalnız taksi sürücüləri, ofisiant, təmizlik işçiləri, tibb bacıları, satıcıları və bu ixtisasdan olanlar kimi baxıram, təəssüf ki, onlar orta və ali məktəblərdə əldə etdikləri "əla" təhsilə görə irəli gedə bilməyəcəklər.

 

 

Beləklə, bizim də sosial şəbəkələrdə geniş yer almış “onlayn təhsil” gündəmində biz tək deyilik. Gördüyümüz yaxın qonşularımız demək olar ki, hamısı, internetin zəifliyindən, onlayn dərs zamanı müəllimin əsnəməyindən, klaviuaturanın üzərinə uzanan uşağın mürgüləməyindən geniş yazırlar və şikayət edirlər. Hətta Londonda ali məktəb tələbələri notbukları olmadığından dərs tapşırıqlarını edə bilmirlər. Deməli, problem qlobaldır. Bir də başa düşməkdə çətinlik çəkdiyim bir məsələ var ki, təxminən 15 gün bundan əvvəl dərslərin gec başlaması ilə bağlı Təhsil Nazirliyini linç etmək istəyən media və bir çox valideynlər dərslərin yenidən bağlanması ilə bağlı ultimatum verirlər. Belə olanda məsələ yenə də qalır 100 il bundan əvvəl Üzeyir bəyin yazdığı felyetonlara.