Sabahda ölkə üzrə ümumtəhsil müəssisələrində çalışan müəllimlər sertifikasiya prosesinə cəlb olunacaq.
17-25 iyun tarixlərində keçiriləcək sertifikasiya prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.
Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili - rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar.
AzEdu.az-ın xəbərinə görə, cari ildə 23 min nəfərdən çox təhsilverən 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək.
2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb edilib.
İmtahanların fənlər üzrə keçirilmə qrafiki belədir:
17 iyun: Azərbaycan dili, Rus dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, Fransız dili, Alman dili.
18 iyun: Təsviri incəsənət (yeni), Musiqi (yeni), Fizika, Kimya, Biologiya
19 iyun: Fizika, Kimya, Biologiya, Fransız dili, Alman dili, Azərbaycan dili, Rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı.
23 iyun: Riyaziyyat, Coğrafiya, İnformatika, İngilis dili, İbtidai sinif.
24 iyun: Tarix (yeni), Riyaziyyat, Coğrafiya, İnformatika.
25 iyun: Fiziki tərbiyə (yeni), İngilis dili, Texnologiya (yeni), İbtidai sinif.
Təhsilverənlər sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra buraxılır. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlər və icazə verilməyən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir.
Əgər təhsilverən qaydaları pozarsa, akt tərtib edilir və o, imtahandan kənarlaşdırılır.
Eyni zamanda tələblərin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.
Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Test mərhələsinin nəticələri avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə hesablanır və imtahan başa çatdıqdan dərhal sonra təhsilverənə elan edilir.
Test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid ümumilikdə 60 sual təqdim olunur.
Sertifikatlaşdırmanın test mərhələsində 60 baldan azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsi maksimum 40 balla qiymətləndirilir və 20 bal toplayan təhsilverənlər həmin mərhələni keçmiş hesab olunurlar.
Xatırladaq ki, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya uğur qazana bilməyən müəllimlərə 1 il ərzində iş yeri saxlanılmaqla təkrar iştirak hüququ verilir. Təkrar sertifikatlaşdırmada da keçid balını toplamayan müəllimlər sertifikasiyadan keçməmiş hesab olunur və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas hesab olunur.
Qeyd edək ki, 2026-cı ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş hesab olunacaq. Təxminən 100 mindən çox müəllim sertifikatlaşdırılmış hesab olunacaq.