Bakı Mühəndislik Universiteti (BMU) 17-20 iyun tarixlərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə keçiriləcək “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə təmsil olunacaq.
AzEdu.az xəbər verir ki, “Bakı Ekspo Mərkəzi”ndə təşkil ediləcək sərgi yerli sahibkarlığın inkişafının təşviqi, biznes subyektləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və innovativ həllərin tanıdılması baxımından mühüm platforma hesab olunur.
İnşaat, qida, informasiya-kommunikasiya texnologiyaları, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin qatılacağı tədbirdə BMU öz təhsil imkanlarını, elmi-tədqiqat fəaliyyətini, innovasiya yönümlü layihələrini və sənaye tərəfdaşlıqlarını nümayiş etdirəcək.
Universitetin sərgidə iştirakı, eyni zamanda akademik biliklərin istehsalat və biznes mühiti ilə inteqrasiyasının gücləndirilməsi, tələbələrin peşəkar inkişaf imkanlarının artırılması və əmək bazarı ilə əlaqələrin daha da genişləndirilməsi məqsədlərinə xidmət edir.