Elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının təqdimatında olduqca kritik bir məqama toxunub. O qeyd edib ki, uşaqlar çox vaxt süni intellektə hansısa məsələnin izah yolunu öyrənmək üçün deyil, birbaşa hazır cavabını tapmaq üçün müraciət edirlər.
Nazirin sözlərinə görə, texnologiyadan bu cür yanlış istifadə uşaqların beyin inkişafı üçün böyük risk yaradır, onları tənbəlləşdirir və kütləşdirir. Çünki şagirdlər riyazi və ya digər məsələlərdə “bunu mənə izah et” əvəzinə, “bunun cavabını mənə de” yanaşmasına üstünlük verirlər. Bu isə gələcəkdə tənqidi və analitik təfəkkürün formalaşmasına ciddi təhlükədir.
Maraqlıdır, şagirdlərin süni intellektdən daha çox “hazır cavab” almaq üçün istifadə etməsinin qarşısını almaq üçün müəllimlər hansı üsullardan istifadə edə bilər?
AzEdu.az-a mövzu ilə bağlı “İlin gənc müəllimi”, riyaziyyat müəllimi Natəvan Fərzəliyeva danışıb.
Dərslərimdə şagirdlərin süni intellektdən yanlış və asan qazanc məqsədilə istifadə etməsi halları ilə tez-tez rastlaşıram:
“Elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” hesabatının təqdimatında səsləndirdiyi fikirlər bu gün hər bir fədakar müəllimi düşündürən, rəqəmsal dövrün sinif otaqlarında qarşılaşdığımız ən kritik məqamdır. Bir pedaqoq kimi bu narahatlığı tamamilə bölüşürəm. Süni intellektin (Sİ) şagirdlər tərəfindən sadəcə “hazır cavab mexanizmi” kimi istifadə edilməsi həqiqətən də tənqidi təfəkkürün, məntiqi ardıcıllığın və problem həll etmə bacarıqlarının formalaşmasına ciddi təhlükə yaradır.
Bir riyaziyyat və STEAM müəllimi olaraq dərslərimdə şagirdlərin süni intellektdən yanlış və asan qazanc məqsədilə istifadə etməsi halları ilə tez-tez rastlaşıram. Mürəkkəb bir həndəsə məsələsinin, tənliyin və ya törəmə-inteqral mövzularının həllində şagird alqoritmik düşünmək və düsturlar arasında əlaqə qurmaq əvəzinə, tapşırığı birbaşa Sİ-yə kopyalayaraq son nəticəni köçürməyə meyil edir. Bu isə beynin neyron əlaqələrinin zəifləməsinə və funksional savadlılığın aşağı düşməsinə səbəb olur.
Robototexnika və ya proqramlaşdırma dərslərində şagirdlər kodun işləmə məntiqini anlamaq, qarşıya çıxan xətanı (bug) özü analiz etmək əvəzinə, Sİ-dən hazır kod bloku tələb edirlər”.
Süni intellekt cavab verən deyil, düşünməyə istiqamət verən bələdçi olmalıdır:
“Unutmamalıyıq ki, süni intellekt uşağın əvəzinə düşündükdə texnologiya inkişaf edir, lakin insan kapitalı geriləyir. Beyin çətinliklə qarşılaşmayanda, intellektual zəhmət çəkməyəndə inkişafdan qalır. Nazirimizin də vurğuladığı kimi, “bunu mənə izah et” əvəzinə “cavabı de” yanaşması intellektual kütləşməyə yol açır.
Bununla belə, mən süni intellektə tamamilə qadağan olunmalı bir təhlükə kimi baxmıram. Sİ unikal bir təhsil alətidir və biz onun rolunu “cavab verən”dən “bələdçi”yə çevirə bilərik. Öz təcrübəmdə şagirdlərimə texnologiyadan düzgün və səmərəli istifadə etməyi üç əsas istiqamətdə aşılayıram.
Birincisi, fərdiləşdirilmiş öyrənmə yoldaşı kimi. Şagird sinifdə hər hansı riyazi mövzunu tam mənimsəməyibsə, Sİ-yə “mənə hazır cavabı ver” yox, “bu mövzu üzrə mənə 3 fərqli alternativ həll yolu göstər, daha sadə dildə və metaforalarla izah et” əmri (prompt) verməyi öyrənməlidir.
İkincisi, səhv axtarışı və sazlama (debugging) prosesində köməkçi kimi. STEAM dərslərində şagirdlərə hazır kod istəməyi qadağan edirəm. Bunun əvəzinə, Sİ-dən bir fərdi repetitor kimi ipucu almalarını dəstəkləyirəm: “Yazdığım bu kod niyə işləmir? Mənə birbaşa kodu düzəldib vermə, sadəcə hansı sətirdə məntiq və ya sintaksis xətası etdiyimi göstər.
Üçüncüsü isə beyin fırtınası və yaradıcılığın inkişafı istiqamətindədir. Yeni mühəndislik və ya robototexnika layihəsinə başlayarkən ideyaların şaxələndirilməsi, fərqli dizayn nümunələrinin araşdırılması üçün Sİ mükəmməl bir bələdçidir".
Şagirdlərin Sİ-dən passiv istifadəsinin qarşısını almaq üçün biz müəllimlər metodologiyamızı mütləq dəyişməli və bəzi taktiki addımlar atmalıyıq:
“Nəticəyə deyil, prosesə qiymət verilməlidir. Şagird tapşırığın cavabını düzgün tapsa belə, sinifdə lövhə önündə ondan həmin cavaba hansı məntiqlə gəldiyini soruşmalı, şifahi müdafiə tələb etməliyik. Cavabın düzgünlüyü deyil, onun hansı təfəkkür yolu ilə tapılması qiymətləndirilməlidir.
Tərs-üz edilmiş sinif (flipped classroom) modeli daha geniş tətbiq olunmalıdır. Nəzəriyyə evdə Sİ dəstəyi ilə araşdırıla bilər, lakin tətbiq və real məsələ həlli sinifdə, müəllimin canlı nəzarəti altında və qrup işi şəklində həyata keçirilməlidir. Bu zaman şagirdin mexaniki köçürmə imkanı qalmır.
Doğru sorğu (prompt) mühəndisliyi şagirdlərə sistemli şəkildə öyrədilməlidir. Dərslərdə şagirdlərə Sİ-yə doğru sual vermək vərdişləri aşılanmalıdır. Çünki Sİ-yə verilən sualın forması şagirdin gələcək düşüncə tərzini müəyyən edir.
Qiymətləndirmə meyarları müasir dövrün tələblərinə uyğun şəkildə transformasiya edilməlidir. Mexaniki, əzbərçilik və ya sadə hesablamaya əsaslanan ev tapşırıqları formatı tamamilə sıradan çıxmalıdır. Tapşırıqlar şagirdin şəxsi mühakiməsini, yaradıcılığını, emosional zəkasını və mühəndislik yanaşmasını tələb edən layihə əsaslı struktura keçməlidir. Bunları isə heç bir Sİ hazır şəkildə təqdim edə bilmir.
Məktəblərdə rəqəmsal etika və süni intellekt savadlılığı gücləndirilməlidir. Şagirdlər texnologiyanın etik istifadəsi, plagiatın nəticələri, informasiya təhlükəsizliyi və süni intellektdən həddindən artıq asılılığın mümkün fəsadları barədə məlumatlandırılmalıdırlar.
STEAM dərsləri bütün fənlərlə inteqrasiya olunmalı, şagirdlərə texnologiyanın sadəcə istehlakçısı deyil, onun vasitəsilə yeni dəyər yaradan yaradıcı fərdlər olduqları aşılanmalıdır.
Yekun olaraq, nazirimizin də olduqca düzgün vurğuladığı kimi, texnologiyanın kor-koranə və yanlış istifadəsi gələcəyimiz olan gənclərin analitik təfəkkürünü təhlükəyə atır. Bizim vəzifəmiz süni intellekti qadağan etmək deyil; şagirdlərimizə texnologiyanın qulu olmaqdan çıxıb, öz intellektləri ilə texnologiyanın sahibi olmağı öyrətməkdir”.
Uşaqların süni intellektdən əsasən hazır cavab almaq üçün istifadə etməsi onların beyin inkişafına və idrak bacarıqlarına hansı təsirləri göstərə bilər?
AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən pediatr Şəlalə Poluxova qeyd edib ki, süni intellektin özü təhlükəli deyil, əsas məsələ ondan necə istifadə edilməsi və uşaqların düzgün istiqamətləndirilməsidir:
“Həm pediatr, həm də iki uşaq anası kimi bu mövzu mənim üçün çox önəmlidir və mən burada balanslı yanaşmanın tərəfdarıyam. Düşünürəm ki, süni intellektin özü təhlükəli deyil. Necə ki, vaxtilə internet ortaya çıxanda uşaqların kütləşəcəyi, məlumatları kitabdan öyrənmək əvəzinə internetdən axtaracaqları barədə narahatlıqlar var idi, o zaman da deyirdik ki, əsas məsələ internetin özündə deyil, ondan necə istifadə edilməsindədir.
Bu gün artıq süni intellekt dövründəyik və eyni yanaşma burada da keçərlidir. Əsas məsələ süni intellektin mövcudluğu deyil, ondan düzgün istifadə olunmasıdır. Və əlbəttə ki, bu istiqamətdə biz uşaqları düzgün istiqamətləndirməliyik. Valideyn kimi də əsas vəzifəmiz bundan ibarətdir.
Nazirin vurğuladığı problem isə həqiqətən də mövcuddur. Əgər uşaq sualın cavabını düşünmədən, analiz etmədən, həll yolunu anlamadan birbaşa hazır cavabı əldə etməyə öyrəşərsə, öyrənmə üçün vacib olan mərhələlər və düşünmə prosesləri kifayət qədər aktivləşməz. Bu da zamanla uşağın akademik nailiyyətlərinə, bilik və bacarıqlarının formalaşmasına mənfi təsir göstərər”.
Hər tapşırıqda süni intellektdən hazır cavab almaq uşaqda müstəqil düşünmə vərdişini zəiflədir və “kütləşmə” riskini yaradır:
“Uşaq ümumiyyətlə məsələni özü həll etməyə çalışanda beyində bir neçə mühüm və əsas proseslər baş verir. Birinci növbədə uşaq məlumatı yaddaşından xatırlamağa çalışır, bu, əsasən yaddaşla bağlı bir prosesdir. O, məlumatı yada salır, xatırlayır və sonra müqayisə etməyə, analiz etməyə başlayır. Əgər uşaq səhv edibsə, məsələn, bir səhvə yol veribsə, həmin səhvləri özü tapır. Uşaq həmçinin müəyyən bir məsələnin, müəyyən bir tapşırığın həll yollarını axtarır, hətta yeni bir həll yolu da özündən yarada bilər və sairə. Belə mühüm proseslər uşaq məsələni özü həll etməyə çalışanda baş verir.
Bu dediyimiz mərhələlər demək olar ki, olmadığı üçün uşaq nəticədə cavabı əldə etsə də, həmin əldə etdiyi bilik daha səthi olur və uzunmüddətli yaddaşda qalma ehtimalı daha aşağı olur. Ümumiyyətlə, ya yaddaşda zəif qalır, ya da ümumiyyətlə kifayət qədər möhkəmlənmir.
Bu halda kütləşmə baş verir. Yəni “kütləşmə” ifadəsi bir qədər sərt səslənsə də, doğrudan da müəyyən risklər mövcuddur. Əgər uşaq dayanmadan, məsələn, hesablamaları yalnız kalkulyator vasitəsilə edirsə, bütün məsələlərin həllində sadəcə süni intellektdən hazır cavab almağa çalışırsa, yaxud da hər hansı bir mövzunu araşdırmalı olduğu halda müəllimin verdiyi ev tapşırığını özü axtarıb tapmaq, məqalələri, elmi ədəbiyyatı və kitabları araşdırmaq əvəzinə birbaşa axtarış sistemindən asanlıqla hazır məlumat əldə edirsə, bu zaman müstəqil düşünmə qabiliyyəti, analiz və sintez bacarıqları, ümumiyyətlə düşünmə vərdişi zəifləyir”.
Süni intellekt bəzən yanlış cavablar da verə bilər, ona görə də səhvi aşkar etməyi uşaq özü öyrənməlidir:
“Eyni məsələ əslində keçmişdə də var idi. Yəni nəzər yetirsək, bir addım geri çəkilib baxanda görəcəyik ki, hətta qədimlərdən ensiklopediyalar çıxan vaxtı, internet ortaya çıxan vaxtı, kalkulyatorlar icad olunan dövrdə də düşünülürdü ki, bunlar zehni kütləşməyə gətirib çıxaracaq. Lakin burada əsas məsələ odur ki, problem hər yeni çıxan texnologiyada deyil, onun necə düzgün istifadə olunmasındadır.
Müasir tədqiqatlara baxsaq, görərik ki, insanlar nə qədər çox informasiyaya asan çıxış əldə edirlərsə, bəzən informasiyanın özündən çox onu haradan və necə tapacaqlarını yadda saxlayırlar. Buna “Google effekti” deyilir. Bu da nəticədə insanlarda diqqət müddətinin qısalmasına, məlumatı uzunmüddətli yaddaşda saxlama qabiliyyətinin zəifləməsinə, oxunan məlumatın səthi qəbul olunmasına və dərindən analiz-sintez etmə bacarığının azalmasına gətirib çıxara bilər.
İnkişaf dövründə olan, yəni daim formalaşan uşaq beynində bu proseslərin zəifləməsi, əlbəttə ki, uzunmüddətli perspektivdə daha ciddi nəticələrə səbəb ola bilər. Ən böyük risklərdən biri də uşaqların tənqidi düşünmə bacarığının zəifləməsidir. Təəssüf ki, uşaq bəzən verilən cavabı qəbul edir, amma onun doğru olub-olmadığını yoxlamağa, tənqid etməyə çalışmır. Yəni sual-cavab prosesində düşünmür ki, bu cavab həqiqətən doğrudur, yoxsa yanlışdır, yaxud onun mənbəyinə gedib baxmır ki, bu məlumat doğrudanmı belədir. Halbuki süni intellekt məlum məsələdir ki, bəzən yanlış cavablar da verə bilər. Ona görə də səhvləri aşkar etməyi uşaq özü öyrənməlidir.
Gələcəyin uğurlu uşaqlarını yetişdirmək istəyiriksə, süni intellektlə işləyərkən eyni zamanda düşünməyi bacaran uşaqlar formalaşdırmalıyıq. Burada əsas məqsəd texnologiyanı uşağın beyninin əvəzi kimi deyil, beynə köməkçi bir vasitə kimi, yəni bir “müəllim” kimi düzgün istifadə etməyi öyrətməkdir”.