Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 13:12:00
Yeni dərs ili ilə bağlı bir neçə ssenari hazırlanıb - Milli Məclisin komitə üzvlərindən AÇIQLAMA

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirilib.

 

Konfransda dünyanı bürümüş COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olunub.

 

AzEdu.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərindən onlayn müzakirənin detallarını bölüşüblər:

 

Deputat İsa Həbibbəyli bildirib ki, yeni Təhsil naziri təhsil sisteminə bələd adamdır:

 

“Dünən ilk dəfə olaraq  Təhsil naziri Emin Əmrullayevlə Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri arasında günün aktual məsələsi olan dərs ilinin başlanması ilə bağlı birgə onlayın müzakirələr aparıldı. Təhsil Nazirliyinin bu müzakirə üçün təqdim etdiyi layihə son dərəcə yüksək elmi və metodiki səviyyədə hazırlanmış sənəddir. Dövrün reallıqlarını bütün istiqamətlərdə əks elətdirir. Nazir Emin Əmrullayevin dünənki müzakirələrdəki çıxışı onun təhsil sisteminə dərindən bələd olduğunu, dövrün təhsil problemlərini  incəliklərinə qədər öyrəndiyini və çıxış yolu haqqında aydın və konkret fikrə malik olduğunu göstərdi”.

 

Deputat Müşfiq Məmmədli isə hesab edir ki, təhsil sahəsində atılan addımlar bu tempdə davam edərsə, xeyli müsbət nəticələr əldə edə bilərik:

 

“Yeni təyin olunmuş  Təhsil naziri  Emin Əmrullayevin təşəbbüsü ilə çox maraqlı müzakirə aparıldı. Bu müzakirə və dinləmələrin əsas cəhəti ondan ibarət idi ki, COVİD-19 reallığında yaşayarkən bu virusla mübarizəni necə aparaq. Xüsusilə, təhsilin bu prosesdən minimum zərər alması və təhsilin yeni aspektlərinin müzakirəsi əsas prioritet idi. Müzakirələr zamanı Təhsil İnstitutunun səsləndirilən təklifləri çox maraqlı idi. Bir neçə ssenari nəzərdə tutulur.  O ssenarilər bundan ibarətdir ki, mərhələli şəkildə məktəblər açılarkən hansı addımlar atılmalıdır? Eyni zamanda, beynəlxalq təcrübənin müxtəlif istiqamətlərinə üstünlük verilir. Eləcə də bir çox xarici ölkələrin təhsil modellərinə diqqət yetirilir. Komitə üzvləri arasında da maraqlı təklif səsləndirlənlər oldu. Prosesin aparılmasında həm komitə üzvlərinin, həm də komitə sədrinin fikirləri oldu. Mən də Milli Məclisin Elm və təhsil, Səhiyyə komitələrinin üzvü, eləcə də tibb işçisi kimi sağlamlıqla bağlı mümkün ola biləcək risklərin qarşısının alınması istiqamətində təkliflərimi irəli sürdüm. Yeni Təhsil nazirinin bu istiqamətdə çalışması, qısa müddət ərzində  müxtəlif ssenarilərin hazırlanması, statistik məlumatların analiz olunması təhsilimizdə yeniliklər və inkişafın daha sürətlə həyata keçiriləcəyinə əminlik yaratdı. Nazir Emin Əmrullayev  müsbət təsir bağışladı. Hesab edirəm ki, təhsil sahəsində atılan addımlar bu tempdə davam edərsə, çox müsbət nəticələr əldə edəcəyik”.

 

Modern.az