https://www.zirve.edu.az/
23.07.2020 17:00
Dünyanın 9 nüfuzlu universitetinə qəbul olunan Selcan – “Mütləq Vətənə qayıdacağam”

Dünyanın 9 nüfuzlu universitetinə qəbul olunan Selcan – “Oxuyub mütləq Vətənə qayıdacağam”

 

Bakı məktəbinin məzunu 9 nüfuzlu universitetə qəbul olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 177 nömrəli tam orta məktəbin məzunu Selcan Nurullayeva Çin Xalq Respublikasının nüfuzlu ali təhsil müəssisələrindən olan Pekin Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

 

Selcan Nurullayeva AzEdu.az-a açıqlamasında özünün uğur sirri və gələcək planlarından danışıb:

 

 

“Təhsil Nazirliyinin Hökumətlərarası Təqaüd proqramı çərçivəsində xaricdə təhsil layihəsi ilə bağlı elanı veriləndə mən də bu layihədən faydalanmaq istədim. Sənədlərimi müvafiq qaydada təqdim etdim, müsahibəyə dəvət edildim və müsbət qiymətləndirilərək Pekin Universitetinin "Tibb" ixtisasına qəbul olundum.

 

DİM tərəfindən keçiriləcək qəbul imtahanında iştirak etdikdən sonra yekun qərar verəcəyəm. Hələ ki, Pekin, Koç və Cənubi Florida universitetləri arasında tərəddüd edirəm”.

 

Selcan Nurullayeva bildirdi ki, uşaqlıqdan həkim olmaq üçün çalışır. O, həmçinin xaricdə təhsil alıb ölkəmizdə çalışmaq fikrindədir:

 

“Mən hələ uşaqlıqdan həkim olmağı qarşıma məqsəd qoymuşam. İnsanlara fayda verəcək bir mütəxəssis olmaq istəyirəm. Biologiya, genetika sahəsinə də xüsusi marağım var. Bu sahələr üzrə respublika və beynəlxalq layihələrdə də uğur qazanmışam. Xaricdə təhsil alıb vətənimdə öyrəndiklərimi tətbiq etmək fikrindəyəm “.

Selcan onlayn hazırlığın çətin olmadığını və insanın başladığı işi sona çatdırmağın vacibliyini vurğuladı:

 “İmtahanlara hazırlaşmaq üçün məlum məsələdir ki, çox çalışmaq lazımdır. "Online" formada hazırlaşmaq çətin olmadı, çünki "online" formada bir çox beynəlxalq layihə və kurslarda iştirak etmişəm. Əslində, öyrənməyi qarşısına məqsəd qoyan insan üçün ənənəvi formada və ya "online" hazırlaşmağın heç bir fərqi yoxdur. Əsas odur ki, məqsədə çatmaq üçün əmək sərf edəsən və başladığın işi sona çatdırasan, ruhdan düşməyəsən”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları