Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 12:49:00
Türkiyədə oxumaq istəyən soydaşlarımıza nə kimi güzəştlər olunacaq?- Menecer AÇIQLADI  

Türkiyədə artıq bəzi universitetlərdə sənəd qəbuluna start verilib.

 

Aydındır ki, Türkiyə ali təhsil müəssisələrinin bir çoxu TYS, ALES, YDS, SAT və bunun kimi sertifikatlar tələb edir. Ancaq həmin universitetlərdə  oxumaq üçün müraciət edənlərin  əksəriyyətinin imtahanlar ləğv olunduğuna görə heç bir nəticələri yoxdur.

 

Bəs maraqlıdır, görəsən, bu problem necə həll olunacaq? İmtahan nəticələri olmayan  müraciətçilərin qəbul şansları nə qədərdir? Universitetlər tərəfindən tələbələrə güzəştlər ediləcəkmi?

 

“Celt Colleges” şirkətinin Türkiyədə təhsil üzrə mütəxəssisi Fərid Kərimov AzEdu.az-ın sualını belə cavablandırıb:

 

“Bəli, artıq bir neçə universitet tələbə qəbulunu açıq elan edib. İmtahanlarla bağlı onu deyə bilərəm ki, bəzi imtahanlar, xüsusilə ALES  və  YDS  magistratura  səviyyəsi  üçündür.

 

Magistratura pilləsi üzrə bütün universitetlər tələbələrdən bu imtahanları tələb etmir. Bir çoxu xarici tələbələrdən sadəcə ortalama bal istənilir. Yəni tələbələr ortalama (GPA) balları ilə müraciət edib, qəbul ala bilərlər”.

 

Təhsil eksperti beynəlxalq imtahan nəticəsi olmayanların  Türkiyənin bəzi prestijli universitetlərinə qəbulunun mümkün olduğunu qeyd edib:

 

“Heç bir beynəlxalq imtahan nəticəsi olmadan tələbələrin İstanbul, Anadolu və s. kimi universitetlərə qəbulu mümkün ola bilər.

 

TYS imtahanını isə Türkiyəyə getdikdən sonra vermək şansları var. Bundan əlavə, özəl universitetlər tələbələri birbaşa  - sadəcə ortalama bal ilə qəbul edir. Onlara da müraciət edə bilərlər”.

 

“ALES, YDS tələb edən universitetlərə qaldıqda isə bu ali təhsil müəssisələri hələ ki, şərtlərini açıqlamayıblar. Ümid edirəm ki, universitetlər tələbələrə hər hansısa güzəşt tətbiq edəcək”, - deyə Fərid Kərimov sözlərinə əlavə edib.