Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 16:11:00
“Ədalət Muradovun UNEC-i daha da gücləndirmək üçün hələ çox ideyaları var” – Deputatlardan təbrik

 

 

2020-ci il iyunun 19-da  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) yaradılmasının 90 ili tamam olur. Yüksək ixtisaslı iqtisadçı kadrların hazırlanmasında UNEC-in müstəsna xidmətləri var. UNEC ölkəmizdə sənaye, ticarət, maliyyə, statistika, vergi sistemi, marketinq, menecment və s. ixtisaslar üzrə kadr  hazırlığı və elmi-tədqiqat mərkəzinə çevrilib.

 

“UNEC-də  yaradılan distant təhsil mərkəzi  təhsilin fasiləsizliyini təmin etdi”

 

Millət vəkili, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev UNEC-in yaxın gələcəkdə ölkəmizdə və dünyada ən məşhur universitet olacağına inanır:

 

“Son illərdə UNEC çox böyük inkişaf yolu keçdi. Demək olar ki, universitet təmamilə yeniləndi. Şəffaf idarəetmə sistemi bərpa olundu, elmi-tədqiqatların keyfiyyəti yüksəldi, vaxtilə yaşanmış bütün neqativ hallar aradan qaldırıldı.

 

Tədqiqat universitetinin cığırını açdı.  UNEC indi köhnə adı ilə , yəni, “narxoz” deyə çağırılmır. Düşünürəm ki, yaxın gələcəkdə UNEC tədqiqat universiteti kimi Azərbaycan və dünyada ən tanınmış ali məktəblərdən olacaq. Universitet beynəlxalq reytinq cədvəllərində öz mövqeyini qoruyub saxlayır və inkişaf yolunda irəliləyir. Pandemiya dövründə UNEC-də  yaradılan distant təhsil mərkəzi  təhsilin fasiləsizliyini təmin etdi. Hesab edirəm ki, UNEC-in qarşısında daha böyük hədəflər var və ona doğru inamla irəliləyir”.

 

“Professor Əlalət Muradov iqtisadiyyat elminin gələcəyini görür”

 

“UNEC-in rektoru Ədalət Muradov çox innovativ şəxsdir. Ali təhsil sahəsində zəngin ideyalara sahibdir. O, iqtisadiyyat elminin gələcəyini görür. Bu fikirləri UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi apardığım müşahidələr əsasında bildirirəm. Universitetin maddi-texniki bazasının yaxşılaşdırılması, keyfiyyətli təhsil mühitinin yaradılması, elmi-tədqiqatlarının istiqamətlərinin genişləndirilməsi, kollektivdə yüksək mədəni abu-havanın yaradılması, böyük kitabxananın qurulması son illərdə həyata keçirilən müsbət işlərdir. Düşünürəm ki, rektorun UNEC-i inkişaf etdirmək üçün kifayət qədər ideyaları var və bu istiqamətdə var gücü ilə çalışır”.

 

“UNEC Azərbaycan təhsil müəssisələri arasında öz rolunu və mövqeyini hər zaman qoruyacaqdır”

 

 

Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov UNEC-in uğurlarını yüksək qiymətləndirir və gələcək üçün  daha böyük nailiyyətlər gözləyir:

 

 

“Bu gün Azərbaycanda bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi islahatlar həyata keçirilir. Qanunvericilik bazası təkmilləşdirilir, təhsil standartları yenilənir, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təhsil sahəsinə xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, hər bir ölkənin inkişafı onun təhsilinin səviyyəsi ilə bilavasitə bağlıdır. Yüksək təhsili təmin etmədən böyük uğurlara imza atmaq mümkün deyil. Bu baxımdan yüksək biliyə malik peşəkar kadrların yetişdirilməsi üçün təhsilin səviyyəsinin yüksək olması xüsusi əhəmiyyət daşıyır.

 

Bu gün bir sıra Azərbaycan universitetləri təhsilin səviyyəsinin yüksəldilməsi, yeni təhsil standartlarının hazırlanması, bu sahədə beynəlxalq standartların tətbiqi, rəqabətədavamlı təhsil sisteminin qurulması istiqamətində ciddi səylə çalışırlar. Bu ali təhsil müəssisələri sırasında UNEC-in özünəməxsus yeri var. Həqiqətən UNEC son illər böyük uğurlara nail olub. Burada universitetin rektoru professor Ədalət Muradovun ciddi səyləri, əzmkarlığı və prinsipiallığı yüksək qiymətləndirilməlidir. Universitetin daima üzərində işlədiyi, yeniliklərin axtarışında olduğu, kadr bazasını təkmilləşdirməkdə maraqlı olduğu, təhsil ekspertləri ilə davamlı olaraq əməkdaşlıq etdiyi, müəllimlərinin maddi durumunun yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdığı müşahidə olunur. Hesab edirəm ki, zamanla UNEC kollektivi daha böyük uğurlara imza atacaq”.

 

“Yeni ixtisasların yaradılması məqsədəuyğun sayılır”

 

Hesab edirəm ki, UNEC konkret istiqamətlər üzərinə fəaliyyətini sistemli qurub və ekspertlərin təklifləri üzərində davamlı olaraq işləyir. Universitet distant təhsil sahəsində də müəyyən uğurlara nail olub. Bu istiqamət üzrə işlərin davamlı olacağına, beynəlxalq reytinqlərdə daha sürətli irəliləmək üçün səylə çalışılacağına inanıram. Bu gün bir sıra Azərbaycan Universitetlərində təkrar, bazarın tələblərinə uyğun gəlməyən ixtisasların olması müəyyən çətinliklər yaradır. Bu baxımdan əgər ehtiyac varsa ixtisaslara yenidən baxılması, real bazar nəzərə alınaraq yeni ixtisasların yaradılması məqsədəuyğun sayılır. Beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işlərin intensivləşdirilməsi təcrübə mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıyır. Başda Ədalət müəllim olmaqla UNEC-in bütün kollektivini 90 illik münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzulayıram. İnanıram ki, UNEC Azərbaycan təhsil müəssisələri arasında öz rolunu və mövqeyini hər zaman qoruyacaqdır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları