Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-06 10:36:00
Şura üzvü: Texnologiya gələcək nəsillərin yetişdirilməsində əsas rol oynamaqda davam edəcək

“Müəllimlərimizin, məktəb rəhbərlərinin, bütovlükdə təhsil işçilərinin əzmkarlığı və fədakarlığı təqdirəlayiq, dövlətimizin apardığı ardıcıl və məqsədəyönlü siyasətə dəstəyi qürurvericidir”.

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O, Şuranın ilk onlayn iclasında müzakirə edilən məsələləri də diqqətə çatdırıb.

 

“Hər şeydən əvvəl onu qeyd edim ki, ölkədəki epidemioloji vəziyyətin təhlili Təhsil naziri Ceyhun Bayramovun Nazirlər Kabineti yanında Operativ Qərargahın son mətbuat konfransında kifayət qədər öz əksini tapıb. Ehtiyac olarsa, növbəti aylarda da onlayn rejimdə dərslərin davam etdirilməsi imtahanların keçirilməsi, qiymətləndirmənin hansı üsulla aparılacağı, vəziyyətlə bağlı hansı dəstəkləyici amillərdən istifadə ediləcəyi, karantin rejimindən çıxış barədə hansı növbəti qərarlar qəbul olunacağı, tədris prosesinin bərpa olunması üçün hansı müvafiq addımlar atılacağı geniş şərh olunub.

 

Sadəcə təsdiqləyə bilərəm ki, texnologiya gələcək nəsillərin yetişdirilməsində əsas rol oynamaqda davam edəcək.

 

Koronavirus pandemiyası bir çox gerçəklikləri, o cümlədən, təhsilə baxışda yeni yanaşma sisteminin yaradılması zərurətini ortaya çıxardı. Sektorun yenidən gözdən keçirilməsi üçün düşünmək imkanı verdi, post- pandemiya dövründə yüksək texnolgiyaların gələcək nəsillərin yetişdirilməsində əsas rol oynadığını bizə xatırlatdı. Yeni müzakirələrin və polemikaların başlanmasına yol açdı.

 

Bu baxımdan “teams.microsoft.com” platforması üzərindən Təhsil Nazirliyi yanında İctimai Şuranın ilk onlayn iclasında pandemiyası ilə əlaqədar yaranmış reallığa müvafiq olaraq məsafədən müzakirənin təşkil edilməsini və cəmiyyəti narahat edən təhsil məsələləri ilə bağlı İŞ-in mövqeyini ictimaiyyətə çatdırmağın vacibliyini qeyd edib. Yaranmış vəziyyətlə bağlı Şura üzvləri bir sıra təkliflərlə çıxış edib, təhsil ictimaiyyətini maraqlandıran, xüsusilə də narahat edən bir sıra məqamlara aydınlıq gətirməyə çalışıblar.

 

Düzdür, məsafədən müzakirənin təşkil edilməsi, Şura tərəfindən ilk addım olduğundan və müəyyən obyektiv və subyektiv səbəblərdən bütün üzvlərin müzakirəyə qatılmaq imkanı olmayıb. Bununla belə, yumşalma addımlarına müvafiq olaraq, İctimai Şura öz fəaliyyətini daha da genişləndirmək, proseslərdə daha yaxından və fəal iştirak etmək əzmindədir”.

“Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir”

Şura üzvü dövrün aktual çağırışlarından olan distant təhsilin reallaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

 

Bu elə məsələdir ki, hətta YUNESKO-nu təhsil məqsədlərinə yenidən baxmaq zərurəti qarşısında qoyub, keyfiyyətli təhsil proqramının parametrlərini və məqsədlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bizdə isə, ölkə üzrə görülən bu və digər tədbirlər, texnologiya əsrinin aktual çağırışlarından olan məsafədən təhsil modelinin reallaşması istiqamətində görülən operativ işlər, yaranmış çətin vəziyyətdən qısa zamanda çıxmağa, sabitləşməyə doğru keçid etməyə imkan yaradıb. Bunu hər kəs nəzərə almalı və layiqincə qiymətləndirməlidir. Əsas vəzifə isə pandemiyanın dərslərindən lazımı nəticə çıxarmaq, istənilən fövqaladə vəziyyətlərə hazır olmaqdır”.

 

“Yeri gəlmişkən, bu günlər hamının müvəqqəti sınağa çəkildiyi ağır dövrdə böyük zəhmət hesabına görülən işlərə sevinmək əvəzinə, əldə edilənlərə şübhə ilə baxanlara, qısqanclıqla yanaşanlara, kölgə salmağa cəhd edənlərə sözüm budur ki, münəccimlik xəyallarına düşüb, zamanı qabaqlamasınlar, əsassız proqnozlar verərək maraqlı tərəfləri, bütövlükdə geniş ictimaiyyəti çaşdırmasınlar. Hadisələrin gedişi dövlətin tam nəzarətindədir, lazım olan nə olacaqsa, bunu buna səlahiyyəti olanlar deyəcək”-deyə sədr müavini N. İsrafilov insanları səhv məlumatlar yaymaqdan çəkinməyə çağırıb.