https://www.zirve.edu.az/
01.05.2020 20:35
Ali məktəblərdə orta ixtisas təhsilinin təşkili qaydası müəyyənləşdi

Nazirlər Kabineti “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası”nı təsdiq edib.

 

AzEdu.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərarla “Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası” təsdiq edilib.

 

Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydası aşağıdakı kimidir:

 

Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 21.2-1-ci maddəsinə uyğun olaraq hazırlanıb və ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili qaydasını müəyyən edir.

 

Ali təhsil müəssisəsində orta ixtisas təhsili ali təhsil müəssisəsinin təsisçisinin razılığı ilə həyata keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi ilə başa çatır. Ümumi orta təhsil bazasında ali təhsil müəssisələrinə orta ixtisas təhsili almaq üçün qəbul olunanlar həm də tam orta təhsil alırlar.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələblər Qanunun 6.3-cü maddəsinə əsasən dövlət təhsil standartları və 10-cu maddəsinə əsasən orta ixtisas təhsili pilləsi üzrə təhsil proqramları ilə müəyyənləşdirilir.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsinə tələbə qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”na uyğun aparılır.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsili orta ixtisas təhsili pilləsinin məzmununu və mənimsəmə qaydalarını müəyyən edən və Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən təsdiq edilən təhsil proqramları (kurikulumları) üzrə həyata keçirilir.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə tədris Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları’’na uyğun kredit sistemi əsasında təşkil olunur.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsili pilləsi üzrə təhsilalanların attestasiyası, o cümlədən yekun attestasiyası Nazirliyin təsdiq etdiyi orta ixtisas təhsili pilləsində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması qaydaları əsasında həyata keçirilir.

 

Ali təhsil müəssisələrində orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.

 

Ali təhsil müəssisələrindən alınmış orta ixtisas təhsili haqqında sənəd sahibinə uyğun ixtisaslar üzrə ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsinin bakalavriat səviyyəsində ali təhsil almaq üçün əsas hesab edilir.