https://www.zirve.edu.az/
19.04.2020 10:53
Koronavirusla bağlı normal gündəlik həyata dönüş nə zaman mümkündür?
Çap et

Bütün dünyanı sarsıdan və hazırda planetimizdə dörd milyarddan artıq insanın həyatına müxtəlif formada məhdudiyyətlər gətirən koronavirus pandemiyasının nə zaman başa çatacağı və bəşəriyyətin normal gündəlik həyata nə zaman dönə biləcəyi böyük sual doğurur.

 

AzEdu.az  xəbər verir ki, Avstriyanın aparıcı infektioloqlarından biri, Vyana Frants Yozef Xəstəxanasının İnfeksiyalar şöbəsinin rəhbəri Xristof Veniş Avstriya Teleradiosunun (ORF) birinci kanalına (Ö1) müsahibəsində bu suala aydınlıq gətirməyə çalışıb. O, qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində koronavirus infeksiyasına qarşı ayrı-ayrı dərman preparatlarından istifadə edilir və onların bəziləri böyük ümidlər doğurur. Lakin hazırda yeddi milyard insanın yolunu gözlədiyi peyvənd ciddi elmi araşdırmaların nəticəsi olmalıdır. Həmin peyvəndin dünya bazarına çıxarılması üçün uzun zaman tələb olunur və bu, 2022-2023-cü ildən tez baş verməyə bilər.

 

Mütəxəssis bildirib ki, həmin vaxta kimi normal gündəlik həyata tam şəkildə geri dönüş mümkün olmaya bilər və hər bir ölkə virusun yenidən geniş yayılmasını önləmək üçün tədbirlər görməyə hazır olmalıdır.

 

Avstriyada COVİD-19 xəstəliyindən sağalanların sayının çox olmasını müsbət hal kimi dəyərləndirən X.Veniş bu uğurun aldadıcı və arxayınlaşdırıcı tərəfləri barədə xəbərdarlıq edib. O, Avstriyanı və digər ölkələri ehtiyatı əldən verməməyə çağırıb: “Çünki COVİD-19 yalnız peyvənd tapıldıqdan sonra aradan qalxacaq". (Modern.az)