Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 11:45:00
 DİM  şagirdlər üçün yeni onlayn imtahanlar planlaşdırır-AÇIQLAMA

“Dünya ölkələrinin əksəriyyətində buraxılış və qəbul imtahanları yaz və yay aylarında keçirildiyindən imtahanlara hazırlayaşan abituriyentlərdə, onların valideynlərində və müəllimlərdə haqlı narahatlıq yaranıb. Artıq bir çox ölkələrdə pandemiya ilə bağlı tətbiq edilən karantin rejiminin müddətinin uzadılması onların imtahan keçirmə qrafikində istənilmədən dəyişiklik edilməsi, hətta imtahanların onlayn keçirilməsi haqqında müzakirələr aparılır”.

 

Bu fikirləri Azərbaycanda buraxılış və qəbul imtahanlarının onlayn keçirilməsi barədə AzEdu.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşın Məmmədov deyib. O, dünya ölkələri ilə yanaşı, Azərbaycanda da belə problemlərin yarandığını vurğulayıb.

 

“Məlumdur ki, COVID-19 pandemiyası dünya siyasətini, dünya iqtisadiyyatını, bütövlükdə XXI əsr insanını silkələdiyi və sarsıtdığı kimi dünya təhsil sistemini də yeni çağırışlar, yeni yanaşmalar axtarışında qoyub. Məsələn, Fransada buraxılış imtahanları tamamilə yeni formatda təşkil olunacaq. Bu ölkənin Baş naziri Eduard Filip Milli Assambleyada dinləmələrdə, eləcə də TF1 televiziya kanalında sualları cavablandırarkən bildirib ki, mövcud vəziyyətdə şagirdlər buraxılış imtahanını normal şəraitdə verə bilməzlər. Adətən, iyun ayında keçirilən imtahan bu dəfə vəziyyətdən asılı olaraq nə iyun, nə də iyul ayında təşkil oluna bilməz. Hökumət 2020-ci il buraxılış imtahanları üçün bir neçə formatı nəzərdən keçirir, ancaq ölkənin təcrid rejimindən çıxma şəraitinə uyğun olaraq imtahanlarla bağlı yekun qərar qəbul ediləcək.

 

Eyni problem ölkəmizdə də yaşanır. Belə ki, bu il martın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindəni ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirildikdən sonra koronovirus təhlükəsi ilə bağlı imtahanların keçirilməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb.  Bununla bağlı DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib. Müraciətdə də bildirilir ki, “bu günlərdə bizə imtahanların keçirilmə tarixləri barədə xeyli müraciətlər daxil olur. Biz sizin həyəcanı çox yaxşı anlayır və onu əsaslı hesab edirik. Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Bu tip daxili gərginliyi azaltmaq və stressi idarə etmək üçün ilk növbədə məsələyə şüurlu yanaşmaq, rasional baxış bucağı formalaşdırmaq zəruridir. Nəticə etibarilə vəziyyət ciddi olsa da, çıxış yolları var və dövlət-vətəndaş birliyi ilə onun öhdəsindən gəlmək mümkündür”.

 

A.Məmmədov imtahanların onlayn formasından danışarkən qeyd edib ki, DİM-in artıq bu sahədə təcrübəsi var. DİM artıq şagirdlər üçün yeni onlayn imtahanları layihələndirir.

 

“İmtahanların onlayn keçirmək imkanına gəlincə qeyd edək ki, DİM-in bu sahədə təcrübəsi var. Məsələn, artıq bir neçə ildir ki, bir çox sınaq imtahanları otk.az portalı vasitəsilə onlayn keçirilir. “Yüksəliş” müsabiqəsinin də ilk mərhələləri və sınaq imtahanları onlayn keçirilib. Lakin onu da xatırladaq ki, adətən, sınaq imtahanlarında ortalama 30 min civarında abituriyent iştirak edir. Buraxılış və qəbul imtahanlarının miqyası bundan bir neçə dəfə genişdir. Hər il bu tip imtahanlarında ümumilikdə təxminən 100 mindən çox abituriyent və şagird iştirak edir. Bunun üçün böyük resurlar lazımdır. DİM artıq şagirdlər üçün yeni onlayn imtahanları layihələndirir. Məsələn, Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan təhsil müəssisələrində təhsil alan şagirdlər üçün “Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə onlayn imtahan işlənib hazırlanır. Elektron imtahanlar zamanı hər hansı qayda pozuntusu və ya sui-istifadə hallarını istisna etmək üçün imtahanların proktorinq (nəzarət) sistemi üzərində işlər aparılır. DİM onu da əlavə edib ki, epidemioloji vəziyyət imkan versə, sıx qrafik üzrə ənənəvi imtahanları keçirməyə hazırdır: “Lakin biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik. Siz də bunu etməyin. Vaxtınızı boşuna sərf etməyin, təqdim etdiyimiz bütün resurslardan istifadə edərək dərslərinizlə məşğul olmağa davam edin”.

 

 

“Heç şübhəsiz, vətəndaşın təhsili çox önəmlidir. Bu səbəbdən buraxılış və qəbul imtahanları mütləq keçiriləcək. Lakin imtahanların hansı formatda (ənənəvi, yoxsa onlayn) keçirilməsinə dair qərar yaranmış böhran prosesinə uyğun veriləcək”-deyə baş məşləhətçi A.Məmmədov sözlərinə əlavə edib.