Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-17 17:25:00
Harada və hansı şəraitdə qalacağıq kimi suallar bizi düşündürür –İtaliyadakı tələbələrimiz

 

“Bəzi tibbi ehtiyaclarımızı qarşılaya bilmirik: apteklərdə tibbi maska, əlcək tapmaq olduqca çətindir. Marketlərdə hər zaman uzun müddət növbə gözləmək məcburiyyətində qalırıq”

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında İtaliyanın Sapienza Universitetində Hüquq üzrə magistr təhsili alan Elmir İmaməliyev söyləyib:

 

 

“Düşünürəm ki, ölkəyə qayıtmaq bizləri mental olaraq rahatladacaq. Ancaq bunu güvənli, təhlükəsiz şəkildə həyata keçirmək lazımdır. Məsələn, mən hadisələr bu qədər ciddi şəkildə cərəyan etməmişdən öncə Macarıstana, oradan isə Bakıya uçmaq üçün bilet almışdım. Ancaq Macarıstan hökuməti sərhədi xarici vətəndaşlar üçün bağladı. Mən isə Azərbaycan gəlmək haqqında hələ də qərarsızam. Getsəm, nələrin məni qarşılayacağını bilmədiyim üçün bu məsələni problem olaraq görürəm”.

 

 

Elmir İmaməliyev tələbələrin ölkəyə qayıtmaqda tərəddüdlərinin olduğunu qeyd edib:

 

 

“Ümumiyyətlə, azərbaycanlı tələbələr koronavirusla əlaqədar İtaliyada bir çox çətinliklə üzləşirlər. Səfirliklə də yaxın təmasda ola bilmirik. Bizlər üçün təyyarə, həqiqətən, təşkil olunacaqmı? Təşkil edilsə,  şərtlərə əməl ediləcəkmi?

 

Nə zaman  təyyarə ilə təmin olunacağıq?  Bu kimi suallar da insanı narahat edən məsələlərdəndir. Səfirlikdən bizə ətraflı məlumat verilmir. 14 günlük karantin müddəti də biz tələbələri narahat edən əsas mövzudur. Harada və hansı şəraitdə qalacağıq kimi suallar bizi kifayət qədər düşündürür. Əvvəlcədən bu məsələlər ilə bağlı bizə ətraflı məlumat verilsə, təşvişdə olan insanların rahatlayacağını düşünürəm.”

 

 

Sapienza Universitetinin magistr tələbəsi  Kərim İsmayılov isə qeyd edib ki, azərbaycanlı tələbələr öz istəklərindən asılı olaraq hökumətin göndərdiyi təyyarədən istifadə edə bilirlər:  

 

 

“Bildiyimiz kimi, İtaliya  “qırmızı zona”  elan edildi. Hal-hazırda ölkədə koranavirusun yayılmasının qarşısını almaq məqsədilə müəyyən tədbirlər görüblər: bunlardan biri çölə çıxmaq qadağasıdır. Mağazalar və şəhərlərdəki ictimai yerlərin hər biri saat 6-da bağlanılır.

 

 

Azərbaycanlı tələbələrin ölkəyə qayıtması ilə bağlı səfirlik tədbirlər görməyə başlayıb – təyyarə ayrılıb. Azərbaycana dönmək istəyən tələbələr istədikləri halda bu təyyarələr ilə vətənə qayıda bilirlər”.