Azedu.az

Qanunların sərtləşməsi zorakılığı azaltmır - komitə sədri

AzEdu Təhsil Platforması

11 Sentyabr 2026, 16:04
Qanunların sərtləşməsi zorakılığı azaltmır - komitə sədri

Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində geniş qanunvericilik bazası formalaşdırılıb. Lakin qanunların yerlərdə icrası və real işlək mexanizmə çevrilməsi ilə bağlı problemlər qalır.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin payız sessiyasında keçirilən ilk iclasında bildirib.

Komitə sədri qeyd edib ki, son illər bu sahədə qəbul olunan bəzi qanunlar hətta inqilabi xarakter daşıyıb. Bununla belə, yalnız qanunların qəbulu ilə kifayətlənmək olmaz:

“Qanun cəmiyyətdə işlək mexanizmə çevrilməlidir. Onun real həyatda, praktikada və idarəetmədə tam icrasına diqqət yetirilməli, tətbiq zamanı yaranan çətinliklər və boşluqlar müəyyənləşdirilməlidir”.

Hicran Hüseynovanın sözlərinə görə, icra mexanizmləri zəif olduqda ən mükəmməl qanunlar belə praktikada işləmir. Buna görə dövlət qurumları, qeyri-hökumət təşkilatları və deputatlar birgə fəaliyyət göstərməlidirlər.

Komitə sədri payız sessiyası dövründə problemlərin daha çox qeydə alındığı bölgələrdə regional ictimai dinləmələrin keçirilməsini təklif edib.

“Çox geniş və əhatəli qanunvericiliyimiz var. Ancaq onun hansı formada icra olunması tamamilə ayrı məsələdir. İstəyirik ki, tətbiq mexanizmi real işləsin, qanunların qüvvəsi yerlərdə hiss olunsun”, – o bildirib.

Hicran Hüseynova məişət zorakılığı ilə bağlı qanunvericiliyin davamlı şəkildə gücləndirilməsinə baxmayaraq, belə faktların hələ də qeydə alınmasına diqqət çəkib:

“Necə olur ki, məişət zorakılığı ilə bağlı qanunvericiliyi hər dəfə gücləndiririk, qanuna yeni əlavələr edirik, amma yenə də bu problemlərlə qarşılaşırıq? Ayrı-ayrı bölgələrdə arzuolunmaz faktlar üzə çıxır”.

Deputat erkən nikah və digər oxşar hallara icra orqanlarının artıq adekvat reaksiya verdiyini də qeyd edib. Onun fikrincə, belə faktların davam etməsi hüquqi maarifləndirmənin daha da gücləndirilməsinə ehtiyac olduğunu göstərir.

Komitə sədri rayonlarda müəyyən qrafik əsasında görüşlərin keçirilməsini, problemlərin məktəblərdə və ali təhsil müəssisələrində müzakirəyə çıxarılmasını təklif edib.

Paşinyandan şok açıqlama - Kərkiyə görə Azərbaycanla müharibə
Son xəbərlərDaha çox