“Ən zəif şagirdlərə fokuslanmaq sistemi daha tez irəli aparır”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.
“500-dən heç olmasa 3 minə çatmalıyıq. 500-ə biz üç ilə gəlib çatmışıq, səhv etmirəmsə. Bu, asan proses deyil.
Sayı artıra bilərik, amma mən sizə ən azı minimal keyfiyyətlərdən danışıram.
Həmin metodistlərin birmənalı olaraq tədris işləri üzrə direktor müavini işləməsi, məncə, çox vacibdir.
Çünki bu, metodistin üzərinə düşən vəzifədir. Onun həm də təşkilatçılıq qabiliyyəti olmalıdır. Biz bu istiqamətdə də işləməyə başlamışıq. Nəhayət, belə insanlar bir neçə il işləyəndən sonra məktəb direktoru olanda işlərimiz daha yaxşı gedəcək.
Bu, bundan tez baş vermir. Başqa cür, məsələn, çox yaxşı nəticə göstərmiş, 51-55 bal toplamış riyaziyyat müəllimini birdən-birə məktəb direktoruna gətirmək olar.
Təbii ki, istisnalar mümkündür. Kimsə həqiqətən istedadlı ola bilər. Amma hamı özünü istedadlı hesab edə bilər. Normalda statistik olaraq bu yanaşma ilə ən yaxşı halda 10-15 faiz uğurlu ola bilərik. Mən dediyim modellə getsək, daha düzgün nəticə əldə edəcəyik.
Dördüncü fikir, məncə, hara fokuslanmaq məsələsidir. Uşaqların yaxşı öyrənməsini və öyrənmə nəticələrinin sürətlə artmasını necə təmin etmək olar? Bu sualın cavabı çox asandır: həmişə ən zəif kimdirsə, ona fokuslanmaq lazımdır.Tutaq ki, sizin məktəbin ən zəif şagirdləri kimlərdirsə, onlarla işləsəniz, məktəbinizin orta nəticəsi daha tez artacaq.
Yaxşı nəticə göstərənləri daha da yaxşılaşdırmaq isə həmişə daha çətindir.
Elnur müəllim burada göstərdi və biz bu məlumatları fərdi şəkildə bütün məktəblərə veririk.
Sizin əlinizdə məlumat var ki, 4-cü sinfi bitirən uşaqlarınızdan hansı birinci səviyyədədir, hansı ikinci, hansı birinci səviyyəyə çatmır, hansı üçüncü, hansı dördüncü səviyyədədir.
Bu məlumatları adlı siyahı şəklində sizə verə bilirik.
Hər bir məktəb burada öz strategiyasını müəyyən edə bilər. Çünki məktəblərin şagird bölgüsü müxtəlif ola bilər.
Amma həqiqətən də birinci səviyyədə olanı ikinciyə, ikincini üçüncüyə qaldırmağa çalışmaq lazımdır. Birdən-birə hamını birinci səviyyədən dördüncü səviyyəyə çıxarmağa çalışmaq düzgün yanaşma deyil.
Ola bilər ki, sizin məktəbinizdə müxtəlif səbəblərdən birinci və ikinci səviyyədə olan uşaqların sayı daha çoxdur. Bu halda həmin şagirdlərə fokuslanmaq lazımdır.
Sizin məqsədiniz orta göstəricini qaldırmaq olmalıdır. “Gəlin hamını birinci səviyyədən dördüncü səviyyəyə çıxaraq” və yaxud uşaqları məktəbdən çıxaraq yanaşmaları səhv strategiyalardır. Çünki həmin uşaq yenə də sistemdə harasa gedib düşür. Bunun nə fərqi var?
Əsas məsələ orta göstəricini zəif uşaqları məktəbdən çıxarmaq hesabına yox, onların nəticələrini yaxşılaşdırmaq hesabına yüksəltməkdir. Biz onsuz da bunu izləyə bilirik, uşaqlara baxa bilirik və bu, bizim üçün göstəricidir.
Mən xatırlayıram, 2014-2015-ci illərdə məktəblərin 9-cu sinif nəticələrinə baxanda Bakıda bir neçə məktəb var idi ki, sürətlə yaxşılaşırdı. Nəyə görə?
Çünki bəzi direktorlar zəif uşaqları 8-ci sinifdən çıxarırdılar. Bu, yaxşılaşma deyil. Bu, sadəcə texniki bir yanaşmadır. Biz bunu anlayırıq və görürük. Ona görə də bunu etməyə ehtiyac yoxdur.
Vacib məsələ həqiqətən də ən zəif uşaqdan başlamaq və ona fokuslanmaqdır. Bu, sistemi daha tez irəli aparır.
Əksinə, biz həmişə ən yaxşı şagirdlərə fokuslanırıq. Halbuki təhsil sisteminin bütün mahiyyətinə baxanda ən zəifləri də sistem daxilində irəli aparmaq əsas məqsədlərdən biri olmalıdır”.