Müəllimlərin 34 faizi müsabiqə nəticəsində işə qəbul olunub.
AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
Eşqi Bağırov qeyd edib ki, son illərdə müəllimlərin orta dərs yükündə və müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin ümumi heyətdə payında artım müşahidə olunur.
Onun sözlərinə görə, əvvəlki dövrdə müəllimlərin orta dərs yükü 18,5 saat, müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin payı isə 21 faiz təşkil edib.
Agentlik direktorunun sözlərinə görə, 2026-cı ildə müəllimlərin ümumi sayı 118 minə, orta dərs yükü isə 20,1 saata çatıb.
O bildirib ki, hazırda ümumi təhsil sistemində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin payı 34 faizdir. Bu isə mütləq ifadədə təxminən 40 min müəllim deməkdir.
“Başqa sözlə desək, sistemimizdə çalışan müəllimlərin 40 mini müxtəlif qiymətləndirmə proseslərindən uğurla keçib və yüksək nəticələr toplayaraq işə qəbul olunmuş müəllimlərdir. İnanırıq ki, növbəti hədəflərin icrasında da bu müəllimlərin payı daha çox olacaq”, - deyə Eşqi Bağırov qeyd edib.
O, həmçinin məktəb direktorlarının işə qəbulu prosesindən danışıb.
Eşqi Bağırov bildirib ki, 2026-cı ildə direktorların işə qəbulu ilə bağlı yeni qaydalar təsdiqlənib. Yeni qaydalarda əsas tələblərdən biri direktor vəzifəsinə namizədin öz ixtisasını yüksək səviyyədə bilməsidir.
Agentlik direktorunun sözlərinə görə, il ərzində direktorların işə qəbulu üzrə 4 müsabiqə elan olunub. Bu müsabiqələr çərçivəsində 10 mindən çox müraciət daxil olub, 2500-ə yaxın müsahibə keçirilib.
O əlavə edib ki, yeni tədris ilinin əvvəlindən etibarən ümumi təhsil müəssisələrinə 600-ə yaxın yeni direktorun təyin olunması nəzərdə tutulur.