“Yaxşı məktəb rəhbəri yetişdirmək üçün düzgün karyera piramidası qurmalıyıq”
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.
“Burada söhbət keyfiyyətli məktəb rəhbəri yetişdirmək prosesindən gedir. Biz necə edə bilərik ki, məktəb rəhbərlərimiz idarəedən kimi formalaşsınlar? Söhbət insan keyfiyyətlərindən getmir. İnsan yaxşı insan ola bilər, amma biz insanların şəxsi xüsusiyyətlərindən yox, daha çox onların idarəetmə bacarıqlarından danışırıq.
Mənim şəxsi mülahizə və müşahidələrimə görə, məktəb direktorlarımız əsasən arzu əsasında bu işə gəlirlər. Yəni insan arzu edir ki, məktəb direktoru olsun. Amma məktəb direktoru olmaq üçün təcrübə çox vacibdir.
Mən bölgələrdə gənc müəllimlərlə görüşürəm və onların arasında gənc rəhbərlər də var. Həqiqətən də bu iş üçün təcrübə çox vacibdir, amma təcrübə yalnız illərin sayı deyil.
Siz 15 il müəllim işləyəndə 16-cı il mütləq yaxşı məktəb direktoru olacaqsınız deyə bir şey yoxdur. Bu asılılıq belə işləmir.
Burada çox vacib məsələ bizim artıq bu illərdən başladığımız və inanıram ki, davamlı edə bilsək, amma bunun üçün az vaxt lazım deyil, müəllimdən metodistə, metodistdən direktor müavininə, direktor müavinindən isə direktora doğru təyinetmə prosesini tamamlamağımızdır.
Bu, çox vacib piramidadır. Elə müəllimlər olacaq ki, onlardan metodist yetişdirə biləcəyik, elə yaxşı müəllimlər də olacaq ki, onlardan metodist yetişdirə bilməyəcəyik. Bu normaldır, dünyanın axırı deyil.
Biz metodist yetişdirmək istəyiriksə, bunun üçün düzgün seçim və inkişaf mexanizmi olmalıdır.
Artıq bu illərdən bu prosesə başlamışıq. Səhv etmirəmsə, bu rəqəm hələ ki, bizdə 500 civarındadır.
500 çox azdır. Bizə, məsələn, minlərlə metodist lazımdır. Yaxşı təhsil sistemi üçün hər fəndən bir neçə yüz metodistə ehtiyacımız var. Hamısını bir yerə yığanda, sözün əsl mənasında, böyük bir rəqəmdən söhbət gedir.
Şərti olaraq, əgər bizim 110 min müəllimimiz varsa, 110 min müəllimə 10 müəllimə bir metodist götürsək, hansı rəqəm alınır? 20 müəllimə bir metodist götürəndə belə 5-6 min yaxşı metodistimiz olmalıdır ki, biz prosesi düzgün qura bilək, dərsləri düzgün dinləyə bilək.”