“5 əsas işi ardıcıl və düzgün görmək daha vacibdir”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib.
“Bu uşağın valideyn kimi təhsilə təsiri 30-40 ildən sonradır. Ona görə də davamlılıq və eyni istiqamətdə düzgün hərəkət etmək çox vacibdir. Müxtəlif 30 iş görməkdənsə, 5 əsas vacib işi ardıcıl və düzgün həyata keçirmək daha əhəmiyyətlidir.
Mənim inandığım bundan ibarətdir ki, mərkəzləşmiş qaydada, yəni mərkəzi icra hakimiyyəti orqanı olaraq Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və digər qurumlarımız səviyyəsində hələ qarşımızda çox iş var.
Təbii ki, bizim də hələ başa düşmədiyimiz və ya gələcəkdə başa düşəcəyimiz məsələlər olacaq.
Amma 10 il əvvəllə müqayisədə əsas məsələləri prinsip etibarilə artıq başa düşürük. Məsələn, biz anlayırıq ki, ən azı 4-5 əsas işi görmək lazımdır. Bunlar çox sadə işlərdir, burada qeyri-adi heç nə yoxdur.
Nə deyirik? Deyirik ki, təhsilin daha yaxşı olması, yəni təlim nəticələrinin artması üçün ilk növbədə müəllim keyfiyyəti yüksəlməlidir.
Burada oturan insanların hər biri bunun müxtəlif nümunələrini görüb. Mən inanıram ki, bu 10 il ərzində müəllim keyfiyyətini artıra bilmişik.
Həm diaqnostik qiymətləndirmə, həm sertifikatlaşdırma bunu göstərdi. Amma hələ ki müəllimlərimizin yalnız üçdə biri sistemə bu və ya digər müsabiqə yolu ilə gəlib.
Bu o deməkdir ki, üçdə ikisi müsabiqə yolu ilə gəlməyib. Yaxşı xəbər nədir? Biz artıq demək olar ki, bütün müəllimlərimizi sertifikatlaşdırmadan keçirmişik.
Müəllimlərimizin 90 faizindən çoxu, yəqin ki, 95 faizə qədəri sertifikatlaşdırmadan keçib. Hər bir müəllimimiz haqqında artıq müqayisə edilə bilən müəyyən məlumata malikik. Bu, çox vacibdir. Bu, sadəcə bir nümunədir”.