Azedu.az

SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

AzEdu Təhsil Platforması

11 Sentyabr 2026, 11:17
SDU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb

 Sumqayıt Dövlət Universitetində (SDU) Qərbi Azərbaycanın tarixi, coğrafiyası, etno-mədəni irsi və ictimai-siyasi proseslərinin sistemli şəkildə araşdırılması, bu istiqamətdə elmi-tədqiqat fəaliyyətinin institusional əsasda inkişaf etdirilməsi məqsədilə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb.

Bununla bağlı AzEdu.az-a universitetdən məlumat verilib. 

Bu barədə qərar SDU-nun 9 sentyabr 2026-cı il tarixində keçirilən Elmi Şurasının iclasında qəbul edilib.
İclasda çıxış edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli Qərbi Azərbaycanla bağlı araşdırmaların müasir elmi metodologiya əsasında genişləndirilməsinin və bu sahədə tədqiqat potensialının sistemli şəkildə əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıb.

Rektor bildirib ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla keçirilən görüş və həmin görüşdə dövlət başçısı tərəfindən qarşıya qoyulan vəzifələr, eləcə də 2023-cü ilin yanvarında qəbul edilmiş Qayıdış Konsepsiyası bu istiqamətdə elmi fəaliyyət üçün mühüm konseptual çərçivə formalaşdırıb.

SDU-da yaradılan Mərkəz Qərbi Azərbaycanla bağlı mövcud elmi materialların sistemləşdirilməsi, yeni tədqiqatların təşviqi və əldə olunan nəticələrin akademik dövriyyəyə daxil edilməsi baxımından mühüm platforma rolunu oynayacaq.

İclasda iştirak edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan irsinin həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə elmi əsaslarla tanıdılması istiqamətində missiyanı həyat keçirənlərdən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılmasını əhəmiyyətli elmi təşəbbüs kimi qiymətləndirib.

Professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və bu irslə bağlı həqiqətlərin elmi əsaslarla araşdırılmasının, sənədləşdirilməsinin və geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq elmi və ictimai müstəvidə tanıdılması, tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində aparılan sistemli tədqiqatlar xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan həqiqətlərinin araşdırılması istiqamətində elmi və ictimai fəaliyyəti ilə seçilən professor Mahirə Hüseynova bu sahədə müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrində həyata keçirilən araşdırmaların əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, hazırda Qərbi Azərbaycan istiqamətində fəaliyyət göstərən 15 araşdırma mərkəzinin formalaşdırdığı elmi potensial, zəngin mənbə bazası və tədqiqat təcrübəsi bu sahədə yeni elmi yanaşmaların və birgə təşəbbüslərin inkişafı üçün mühüm zəmin yaradır.

Professor Mahirə Hüseynova SDU-da yaradılan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətində tarixi faktların və arxiv materiallarının sistemləşdirilməsi, tarixi-mədəni irsin tədqiqi və qorunması, Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətlərinin prioritet təşkil etməsinin vacibliyini vurğulayıb. O, Mərkəzin digər ali təhsil müəssisələri və elmi-tədqiqat qurumları ilə əməkdaşlığının genişləndirilməsinin, birgə elmi layihə və nəşrlərin hazırlanmasının, konfrans və seminarların keçirilməsinin, eləcə də gənc tədqiqatçıların bu prosesə fəal cəlb olunmasının mühüm əhəmiyyət daşıdığını bildirib.

Mahirə Hüseynova qeyd edib ki, Qərbi Azərbaycanın tarixi irsinin elmi əsaslarla öyrənilməsi və qorunması yalnız keçmişin tədqiqi baxımından deyil, həm də tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından mühüm vəzifədir. Bu baxımdan, yeni yaradılan Mərkəzin elmi araşdırmaların əlaqələndirilməsinə, mövcud mənbə və materialların vahid elmi platformada toplanmasına və Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə təbliğinə mühüm töhfə verə biləcəyi diqqətə çatdırılıb.

Elmi Şuranın qərarı ilə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsinə SDU-nun Humanitar fənlər və sosial-siyasi elmlər fakültəsinin Türk xalqları tarixi və coğrafiyası kafedrasının müdiri, dosent Sona Məhərrəmova seçilib.

Mərkəz qarşıdakı mərhələdə Qərbi Azərbaycanla bağlı elmi mənbələrin sistemləşdirilməsi, fundamental və tətbiqi tədqiqatların təşviqi, elmi nəşrlərin hazırlanması və əldə olunan nəticələrin yerli və beynəlxalq akademik mühitdə təqdim edilməsi istiqamətində fəaliyyət göstərəcək.

 

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox