Sertifikasiyadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq
AzEdu.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
Eşqi Bağırov müəllimlərin peşəkar inkişafı istiqamətində həyata keçirilən sertifikatlaşdırma prosesindən danışıb.
O qeyd edib ki, bu il sertifikatlaşdırma prosesinin ilk mərhələsi başa çatıb:
“Bütün fənn müəllimləri bu prosesdə ən azı bir dəfə iştirak ediblər və onların sayı təxminən 105 minə çatır”.
Agentlik direktorunun sözlərinə görə, yeni tədris ilindən etibarən sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əməkhaqlarına əlavə ödənişlər tətbiq olunacaq.
“Yeni tədris ilindən etibarən sertifikatlaşdırmadan uğurla keçmiş 31 min müəllimin əməkhaqqına 35 faiz əlavə olunacaq. 61 mindən çox müəllim isə 10 faiz əlavə ilə yeni tədris ilinə başlayacaq”, - deyə Eşqi Bağırov bildirib.
O əlavə edib ki, son 4-5 il ərzində həm müəllimlərin işə qəbulu, həm də sertifikatlaşdırma prosesləri nəticəsində müəllim heyətinin strukturunda müəyyən dəyişikliklər baş verib.