Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 13:29:00
Tələbədə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün magistr imtahanından xaric edildi

Dünən magistratura səviyyəsinə qəbul imtahanları keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran olmaqla, respublikanın 5 şəhərində  aparılıb.

 AzEdu.az xəbər verir ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 Amma qaydaları pozaraq imtahandan xaric edilənlər arasında “ağıllı” saat istifadəçisi xüsusilə diqqət çəkib. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər.

 Qeyd edək ki, imtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. 

 Magistraturaya qəbul imtahanı ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb. Bakalavrlar Apelyasiya komissiyasına 24-26 fevral 2020-ci il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

 Fevralın 24-dən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.