https://www.zirve.edu.az/
19.02.2020 11:26
Yeni qaydalar diaqnostik qiymətləndirmədə nələri dəyişdi? - Müəllimlərin nəzərinə

Təhsil Nazirliyinin Kollegiyası “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisna olmaqla) aparılması Qaydası”nda dəyişiklik edib.

Dəyişiklikdə şagird və müəllimləri maraqlandıran əsas məqam diaqnostik qiymətləndirmənin keçirilmə qaydalarına edilən dəyişikliklərlə bağlıdır.

Dəyişikliyə görə, bundan sonra diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq. Başqa sözlə, o, dərs ilinin və ya fənn üzrə hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi daşıyacaq.

Bəs, bugünəcən diaqnostik qiymətləndirmə necə həyata keçirilirdi? Yeni qaydalar formatda nə kimi dəyişikliyə səbəb olacaq?

AzEdu.az məlumat verir ki, “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının  aparılması Qaydasına əsasən, indiyə qədər diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılıb.

Diaqnostik qiymətləndirmə həmçinin şagirdlərin maraq və motivasiyasının ilkin qiymətləndirilməsinə xidmət edib.

Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunub.

Diaqnostik qiymətləndirmə nəticələri ilə bağlı müvafiq yazılı qeydlər isə şagirdlərin  fərdi qovluğunda saxlanılıb.

Qeyd edək ki, məktəbdaxili qiymətləndirmə 3 formadan ibarətdir: Formativ, Summativ və Diaqnostik. Formativ qiymətləndirmə şagirdlərin hər fənn üzrə təhsil proqramında müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətlərini izləmək, çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Summativ qiymətləndirmə isə məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədi daşıyır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları