Bakı şəhəri Binəqədi rayonu 276 nömrəli tam orta məktəbin və Abşeron rayonu Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbin Fiziki tərbiyə müəllimi İsmayılzadə Hüsən Malik oğlu müəllimlərin sertifikatlaşdırılması prosesində 54 bal toplayıb.
AzEdu.az-a danışan müəllim bildirib ki, imtahanı təxminən 18-20 dəqiqə ərzində tamamlayıb. Qalan vaxtı isə sualları yenidən nəzərdən keçirməyə və hər hansı texniki səhv edib-etmədiyini yoxlamağa sərf edib.
Onun sözlərinə görə, imtahanın təşkilatçılığı yüksək səviyyədə qurulub və proses tam şəffaf şəkildə həyata keçirilib:
“Təşkilatçılıq əla idi. Heç bir texniki problemlə qarşılaşmadıq. Sertifikasiya prosesi tam şəffaf keçdi”.
Sualların çətinlik səviyyəsinə münasibət bildirən Hüsən İsmayılzadə qeyd edib ki, imtahanı çox asan hesab etmir:
“Müəyyən müddət hazırlaşmışdım və özümdən daha yüksək nəticə gözləyirdim. Qismət 54 bal oldu”.
Müəllim bildirib ki, metodika sualları əsasən məktəb mühiti və fiziki tərbiyə fənninin tədrisi ilə bağlı mövzuları əhatə edib. O, həmçinin vurğulayıb ki, bütün suallar proqram çərçivəsinə uyğun tərtib olunub:
“Çərçivədən kənar, proqramdankənar heç bir sual yox idi”.
Qeyd edək ki, Hüsən İsmayılzadə artıq 6 ildir pedaqoji fəaliyyətlə məşğuldur. O, 2020-ci ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında 60 mümkün baldan 51 bal toplayaraq müəllim adını qazanıb.
Sertifikatlaşdırmanın müəllimlər üçün əhəmiyyətindən danışan fiziki tərbiyə müəllimi əməkhaqqı artımının vacib amillərdən biri olduğunu bildirib:
“Yığdığım bal özü sübut edir ki, mən dərsi necə keçirəm. Maddiyyat da təbii ki, rol oynayır. Kiminsə yox deməyinə baxmayaraq, maddiyyat önəmlidir, çünki biz çalışırıq və bizim tək işimiz müəllimlik fəaliyyətidir. 35 faiz əməkhaqqı artımını əldə etmək bu baxımdan yaxşıdır”.
Müəllimin fikrincə, sertifikatlaşdırma prosesi şagirdlərin müəllimə olan etimadının formalaşmasına da müsbət təsir göstərir:
“Şagirdlər də bizim topladığımız balı görürlər, bizə daha çox güvənirlər və daha çox etibar edirlər. Bilirlər ki, yüksək nəticə toplayan müəllim daha savadlıdır və onun dərs keçmək qabiliyyəti tamam başqadır”.