Bakı Avropa Liseyinin fiziki tərbiyə müəllimi Pərvanə Mirzəquliyeva müəllimlərin sertifikatlaşdırılması prosesində 57 bal toplayıb.
15 ildən artıq pedaqoji fəaliyyət təcrübəsinə malik olan müəllim AzEdu.az-a açıqlamasında bildirib ki, imtahanda təqdim olunan test tapşırıqları ümumilikdə orta səviyyədə olub.
Onun sözlərinə görə, suallar müəllimlərə əvvəlcədən təqdim edilmiş çərçivə sənədi və dərsliklər əsasında hazırlanıb:
"Topladığım nəticədən tam razıyam. Özüm üçün müəyyən etdiyim hədəfə çatdığımı düşünürəm.
Sertifikasiya müəllimlərin peşəkarlığının artırılmasına xidmət edir. Hazırlıq prosesində zəif tərəflərim üzərində daha çox işlədim və bu gün bunun nəticəsini gördüm.
Maddi imkanlar hər bir insan üçün vacibdir. Daha yaxşı nəticə göstərmək, daha yaxşı öyrətmək və inkişaf etmək üçün motivasiya lazımdır. Bu motivasiyanın bir hissəsi də təbii ki, maddi amillərlə bağlıdır.
Şagirdlərin qarşısına artıq yüksək bal almış bir müəllim kimi çıxıram, çox şükür. Kollektivimiz, müəllimlərimiz üçün də bu qürurvericidir. Müəllim olaraq biz hər zaman öyrədirik və öz inkişafımızı düşünməliyik.
Şagird sual verəndə əgər mən ona cavab verə bilmirəmsə, bu, çox utancverici bir hal olar. İndi isə mən qürurla şagirdlərimin önündə dururam və onların hər bir sualına cavab tapmağa qadirəm”.