"İmtahan şəffaf və rahat keçdi, 58 bal topladım”.
Bu sözləri Bakı şəhəri 276 nömrəli məktəbin tarix müəllimi Nigar Əliyeva sertifikasiya imtahanından sonra AzEdu.az-a təəssüratlarını bölüşərkən 58 bal topladığını qeyd edib.
“İmtahan çox şəffaf şəkildə təşkil olunmuşdu. Suallar ümumilikdə rahat idi. Aralarında asan, orta və çətin səviyyəli tapşırıqlar da yer alırdı. Hər şey qaydasında idi, təşkilatçılıq baxımından da proses yüksək səviyyədə qurulmuşdu. Buna görə təşkilatçılara təşəkkür edirəm.
Kurikulum hissəsinin daha çətin olacağını gözləyirdim, amma əslində düşündüyümdən daha rahat keçdi. Mənim fikrimcə, bu imtahanın ən böyük əhəmiyyəti ondadır ki, şagirdlər daha savadlı və peşəkar müəllimlərdən dərs almaq imkanı qazanırlar. Bu isə çox vacib məsələdir.
İmtahana təxminən 5-6 ay hazırlaşmışam. Hazırlıq prosesində əsasən yuxarı sinif dərsliklərinə baxıb mövzuları təkrar etmişik. Sualların hamısı proqram çərçivəsində idi, proqramdan kənar heç bir tapşırıqla rastlaşmadım.
Onsuz da tədris etdiyimiz mövzular bizə yaxşı məlumdur. Sadəcə tarixləri, xəritələri və bəzi detalları yenidən nəzərdən keçirmişik.
Açığı, yaxşı nəticə gözləyirdim, amma 58 bal toplayacağımı dəqiq düşünmürdüm.
Müsahibə mərhələsinə gəlincə isə, bu hissə mənə daha rahat görünür. İnşallah, orada da özümü doğrulda biləcəyəm".