161 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Şamilova Həcər İslam qızı müəllimlərin sertifikatlaşdırılması prosesində 58 bal toplayıb.
AzEdu.az-a danışan müəllim bildirib ki, imtahana təxminən 6 ay hazırlaşıb. O, sertifikasiyaya ciddi yanaşdığı üçün yüksək nəticə əldə edəcəyini əvvəlcədən gözlədiyini qeyd edib.
13 illik pedaqoji fəaliyyətə malik olan Həcər Şamilova sertifikasiya prosesinin onun peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayıb:
“Bu proses mənə çox şey qazandırdı. İxtisasımı daha dərindən öyrəndim, əvvəllər diqqət yetirmədiyim maraqlı məqamlarla tanış oldum. Düşünürəm ki, müəllim daim öz üzərində işləməlidir və mən də gələcəkdə bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm”.
Müəllimin sözlərinə görə, imtahanda təqdim olunan suallar tam şəkildə çərçivə sənədinə uyğun olub və proqramdan kənar hər hansı tapşırıqla qarşılaşmayıb.
“Suallar arasında həm asan, həm orta səviyyəli, həm də düşündürücü tapşırıqlar var idi. Demək olar ki, bütün suallar mənə tanış gəldi”.
58 bal toplamasına baxmayaraq, səhv etdiyi iki sualı imtahan həyəcanı ilə əlaqələndirən müəllim bunun bilik çatışmazlığından deyil, diqqətsizlikdən qaynaqlandığını düşünür:
“Həmin suallara diqqətlə baxmamışdım. Düşünürəm ki, bu, sırf imtahan həyəcanından yaranan texniki səhv idi”.
Əməkhaqqı artımına da münasibət bildirən Həcər Şamilova bunun müəllimlər üçün mühüm motivasiya mənbəyi olduğunu deyib. Bununla yanaşı, o hesab edir ki, sertifikatlaşdırmanın əsas üstünlüklərindən biri müəllimlərin öz üzərində daha çox işləməsinə stimul yaratmasıdır.
Müəllimin ən yaddaqalan xatirələrindən biri isə şagirdlərinin ona göstərdiyi dəstək olub. Sinif rəhbəri olduğunu bildirən Həcər Şamilova sertifikasiya imtahanı öncəsi yaşadığı maraqlı hadisəni belə xatırlayır:
“Mən həm də 5-ci sinfin rəhbəriyəm. İmtahan verəcəyimi deyəndə şagirdlərim elə bildilər ki, hansısa yarışa gedirəm. Hətta onlardan biri mənə İnşallah, qızıl medal qazanarsınız dedi. Hesab edirəm ki, topladığım 58 bal elə qızıl medal dəyərindədir. Bu uğurumu şagirdlərimə həsr edirəm”.