https://www.zirve.edu.az/
18.02.2020 09:00
DİM-də cavabların yoxlanma prosesinin ən məxfi detalları –Subyektiv yanaşma bu cür aradan qaldırılır – Reportaj
Çap et

AzEdu.az DİM-in sektor müdirləri və İctimai Şura üzvlərinin iştirakı ilə imtahan materiallarının emalı prosesindən hazırlanan reportajın IV hissəsini təqdim edir:

Yoxlama prosesi

Yazı işlərinin tapşırıqlar üzrə ayrılması, etalonların seçilməsi və kalibrləmə üçün materialların hazırlanma mərhələsi barədə öncəki reportajda ətraflı məlumat vermişdik. Bu dəfə müşahidə etdiyimiz məqam tapşırıqların markerlər tərəfindən yoxlanılması prosesi oldu.

Yoxlama prosesinə başlamazdan əvvəl bütün yazı işləri və təkmilləşmiş qiymətləndirmə meyarları bazaya daxil edilir.

Marker müəllimə təqdim olunan yazı işlərində şagirdi tanıdacaq bütün məlumatlar proqram təminatı vasitəsilə silinmiş olur. Heç bir marker yoxladığı yazı işinin hansı şagirdə aid olduğunu bilə bilməz.

Yoxlamada hər tapşırıq üzrə yazı işi proqram tərəfindən təsadüfi şəkildə iki markerə göndərilir. Markerlərin verdikləri qiymətlər üst-üstə düşdükdə həmin qiymət bazaya daxil edilir, üst-üstə düşmədiyi halda isə iş yenə proqram tərəfindən avtomatik olaraq üçüncü markerə göndərilir. Üçüncü markerin verdiyi qiymət əvvəlki 2 markerdən hansısa birinin verdiyi qiymətlə üst-üstə düşməsə, həmin markerin bu tapşırıq üzrə verdiyi qiymət istisna edilir, üst-üstə düşən 2 markerin verdiyi qiymət isə bazaya daxil edilir. 

İstənilən şagirdin HƏR TAPŞIRIQ ÜZRƏ yazı işinin iki marker tərəfindən qiymətləndirilməsi onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərinin nəticə verməsi ehtimalını sıfra yaxınlaşdırır. Çünki bu qayda ilə hər şagirdin ümumi işi (9 tapşırıq) ən azı 18 marker tərəfindən yoxlanılmış olur.

Qiymətləndirmə meyarlarının hazırlanması

Yuxarıda da qeyd etdiyimiz kimi, kalibrləmə materiallarının hazırlanması zamanı ilkin qiymətləndirmə meyarları üzərində təkmilləşmə işləri aparılır. Hər bir tapşırıq maksimal 1 balla qiymətləndirilir, amma tapşırığın struktur və çətinliyindən asılı olaraq, bəzi tapşırıqlar 0 (sıfır) və ya 1 (bir), bəziləri isə 0 (sıfır),  (ikidə bir) və ya 1 (bir) ballıq şkalalarda qiymətləndirilir. Qiymətləndirmə meyarında bu şkalaların hər birinə uyğun gələn hallar dəqiq yazılır. Meyar hər tapşırıq üçün həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla ayrıca hazırlanır və məhz həmin tapşırığı qiymətləndirmək üçün təlimatdır. Hər bir marker hər hansı tapşırığa aid yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

Prosesi izləyən zaman bir neçə markerin təəssüratlarını öyrəndik. Onların sözlərinə görə, meyarlar təkmilləşdirilmiş formada olur və onlardan əksər hallarda kənara çıxılmır. Lakin bəzən şagird elə cavablar yazır ki, nəticə doğru olsa da, bunlar meyarlarda öz əksini tapmır. Bu zaman marker kompüterdə ayrılan “markerin öz qeydi” bölməsinə fikirlərini yazdıqdan sonra həmin tapşırıq üzərində araşdırma aparılır.

Yoxlamada subyektiv yanaşmaların aradan qaldırılması

Qiymətləndirilməsi prosesini həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzində işlənib hazırlanmış sistemdə markerlərin hazırlığı məsələləri çox mühüm istiqamətlərdən biridir. Çünki, yazı işlərinin qiymətləndirilməsi zamanı qiymətin dəqiq olması qiymətləndirməni həyata keçirən markerin pedaqoji hazırlığından, ixtisas biliklərindən, kompüterdən istifadə bacarığından, fiziki və psixoloji iradəsindən, dəqiqliyindən, diqqətli olmasından, çevikliyindən, meyarla düzgün işləmə səriştəsindən, qiymətləndirməyə bilərəkdən və ya bilməyərəkdənsubyektiv yanaşmalarından (yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən müsbət və ya mənfi yanaşması və yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmaları) və bir sıra digər amillərdən asılıdır. Sistemin hazırlanmasında belə subyektiv təsirlərin sıfıra yaxınlaşdırılması üçün ciddi tədbirlər görülüb.

Bilərəkdən subyektiv yanaşmanın (yazı işini yoxlayan markerin yazı işinin müəllifini tanıyaraq ona bilərəkdən müsbət və ya mənfi yanaşması) qarşısı proqram təminatı ilə tam alınır. Belə ki, hər bir yazı işi 2 marker tərəfindən qiymətləndirilməklə yanaşı, yoxlama zamanı markerin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat olmur, monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyar və qiyməti daxil etmək üçün müvafiq sahə verilir. Həmçinin, proqram bir şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin monitoruna ötürür. Marker yoxlamanı bitirdikdən sonra onun gün ərzində yoxladığı işlərin şərti kodlarının və həmin işlərə verdiyi qiymətlərin proqram tərəfindən hazırlanmış siyahısı (protokolu) çap edilir və marker tərəfindən imzalanır. Belə subyektiv yanaşmaların qarşısının alınması üçün proqram təminatında sadalananlardan başqa digər tədbirlər də var.

Bilməyərəkdən subyektiv yanaşmaların (yazı işini yoxlayan markerin özünün pedaqoji keyfiyyətlərindən irəli gələn fərdi yanaşmaların) minimuma endirilməsi məqsədilə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrı qiymətləndirmə meyarı hazırlanır və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Bu qiymətləndirmə meyarlarında aid olduğu tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

Bununla belə, markerlər yazı işlərinin yoxlanılması prosesinə monitorinq imtahanlarının real yazı işləri üzərində hazırlanmış praktik treninqlərdə iştirak edib uğurlu nəticə əldə etdikdən (yəni öz fərdi yanaşmalarına üstün gələ bildikdən) sonra cəlb olunurlar. Bu praktik treninqlərdə onların kompüterdən istifadə bacarıqları, dəqiq, diqqətli və çevik olmaları, meyarla düzgün işləmə səriştələri də yoxlanılır. Treninqlərə Bakı şəhərindən və regionlardan ümumtəhsil müəssisələrinin müəllimləri, ali təhsil müəssisələrinin uyğun ixtisaslar üzrə mütəxəssisləri və magistrləri dəvət olunurlar.

2017-ci ildən başlayaraq həm Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə markerlər bazasının genişləndirilməsi istiqamətində, həm də digər fənlər (xarici dil, fizika, kimya, biologiya, tarix, coğrafiya) üzrə markerlərin treninqlərdə iştirakı, seçilməsi və yazı işlərinin yoxlanılmasına hazırlanmaları istiqamətində işlər aparılır. Markerlik fəaliyyəti ilə məşğul olmaq istəyənlər DİM-in təşkil etdiyi kurslarda iştirak etməklə də bu prosesə qoşula bilərlər.

Markerlər tərəfindən yazı işlərinin yoxlanma prosesi başa çatdıqdan sonra nəticələr bütün respublika üzrə elan olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları