Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 09:18:00
SABAH IV Karyera Qış Məktəbi fəaliyyətə başlayır

Fevralın 10-da Təhsil Nazirliyində SABAH IV Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə SABAH Karyera Qış Məktəbi layihəsinə dair videoçarx nümayiş olunub.

Daha sonra SABAH qruplarının İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bu qrupların fəaliyyəti barədə təqdimatla çıxış edib.

SABAH IV Karyera Qış Məktəbinin iştirakçılarını salamlayan Təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib. Qış Məktəbinin əhəmiyyətini vurğulayan nazir müavini müasir dövrün peşələrindən, uğurlu karyera qurmağın yollarından danışıb. Firudin Qurbanov “SABAH” qruplarının gənclər üçün açdığı imkanlara da toxunub. Qeyd edib ki, “SABAH” qruplarının 2019-cu il məzunlarının 39, 75 faizi Azərbaycanda, 19,40 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub.

Görüşdə “SABAH” Karyera Akademiyası barədə məlumat verilib və bildirilib ki, akademiya 2017-ci ildə “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, bu il keçirilən SABAH IV Karyera Qış Məktəbində 68 tələbə iştirak edəcək. Fevralın 13-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Qış Məktəbində tələbələrə əlavə olaraq, emosional intellekt, əmək qanunvericiliyi haqqında təlimlərin keçirilməsi də planlaşdırılır. Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər.

Karyera Qış Məktəbi ilə yanaşı SABAH Mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə “Data vizuallaşdırılması və infoqrafika”, “Yeni universitet identikliyi” və “Ali təhsilin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzuları ətrafında təlimlər təşkil olunacaq.

Görüşün sonunda Qış Məktəbində iştirak edəcək təlimçilərə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.