https://www.zirve.edu.az/
16.01.2020 16:41
20 Yanvar Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bütün fakültələrində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, texnologiya və dizayn fakültəsində təşkil olunan tədbirdə fakültə dekanı, professor Vəkil Hüseynov 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli-azadlıq hərəkatı tarixinə şanlı səhifə kimi daxil olduğunu bildirib. O, Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların şanlı mübarizəsinin Azərbaycanın müstəqillik qazanması ilə nəticələndiyini qeyd edib. Vəkil Hüseynov ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. Tədbirdə Humanitar fənlər kafedrasının müdiri, professor Vəkil Həsənov 20 Yanvar faciəsinin tarixi haqqında geniş məruzə ilə çıxış edib.

Rus İqtisad Məktəbində təşkil olunan dəyirmi masada məktəbin direktoru, dosent Mənsur Barxudarov 1990-cı il 20 Yanvar hadisələrinin şahidi kimi gördüklərini bölüşüb. O, şəhid Ülvi Bünyadzadə kimi tələbəyə dərs demiş olduğu üçün qürur duyduğunu bildirib. Direktor müavini Anar Eyyubov 20 Yanvar hadisələrinin mərkəzi sovet hökumətinin məkrli planı əsasında törədildiyindən və xüsusi təxribat qruplarının fəaliyyətindən bəhs edib.

Maliyyə və mühasibat fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilən tədbirdə dekan müavini, dosent Cəmaləddin Zərbəliyev 20 Yanvar faciəsinin müstəqilliyin gənc nəsil üçün miras olduğunu, bu mirasın qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

Sonra tələbələr “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda məqalələr əsasında məruzə ilə çıxış ediblər.

Ekspertiza və standartlaşdırma fakültəsində təşkil olunan tədbir isə “20 Yanvar - qan yaddaşımızdır” mövzusunda olub. Fakültənin dekanı dosent Tofiq Osmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə yeridilən qoşun hissələrinin dinc əhaliyə divan tutmasından, yüzlərlə insanın qətlə yetirilməsindən söz açıb. Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov Qanlı Yanvar hadisələrinin tarixi, şəhərimizə qoşun yeridilməsinin xronoloji ardıcıllığı, hadisələr ətrafında cərəyan edən siyasi oyunlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Sonda 20 Yanvar hadisələrinə həsr olunan sənədli videoçarx nümayiş olunub.