https://www.zirve.edu.az/
01.01.2020 10:44
Qazaxıstanda universitetlərə qəbul QAYDALARI: ənənəvi və elektron imtahanlar

Qazaxıstanda ali məktəbə daxil olmaq üçün məktəb məzunları vahid milli test (VMT) şəklində buraxılış və qəbul imtahanları verir və ya ötən illərin məzunları abituriyentin kompleks testləşməsindən (AKT) keçir.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında öz əksini tapıb.

Hesabata əsasən, Qazaxıstan vətəndaşları müsabiqə əsasında “Bolaşak” beynəlxalq təqaüdü sayəsində xaricdə təhsil almaq hüququna malikdir. Ali məktəbi bitirən məzun bakalavr (4 il), mütəxəssis (5 il) və ya magistr (6 il) dərəcəsi alır. Qazaxıstanda ikinci ali təhsili yalnız ödənişli əsaslarla sürətləndirilmiş qaydada (2-3 il) almaq mümkündür.

VMT könüllü əsasda aparılır, nəticələrinə görə məzun Qazaxıstanın ali təhsil müəssisələrinə daxil ola bilər. VMT-nin qaydaları Qazaxıstan Respublikası Təhsil və Elm nazirinin 5 dekabr 2011-ci il tarixli 506 nömrəli əmri ilə müəyyən edilib. İlk dəfə VMT 1999-cu ildə tətbiq edilib.

VMT aşağıdakı şəxslər üçün keçirilir:

Cari tədris ilində Qazaxıstan Respublikasının universitetlərinə daxil olmaq istəyən məzunlar;

Cari ilin ümumi təhsil fənləri üzrə məktəbli və respublika elm olimpiadalarının qalibləri;

Ümumi orta təhsil haqqında “Altın Belgi” sertifikatı ilə mükafatlandırılanlar və ümumi orta təhsili fərqlənmə attestatı ilə bitirənlər.

VMT-də iştirak etmək üçün ərizələr martın 10-dan aprelin 25-dək qəbul edilir və təhsil aldıqları məktəbdə məzunlar tərəfindən müstəqil şəkildə doldurulur. Bütün test iştirakçıları əvvəlcədən cədvələ uyğun olaraq qruplara bölünür və hər qrup 1 iyun-15 iyun aralığında müəyyən olunmuş bir gündə imtahandan keçir.

VMT beş fənn üzrə aparılır:

Tədris dili (rus və ya qazax);

Riyaziyyat;

Qazaxıstanın tarixi;

Qazax dilində təhsil alan məktəblillər üçün rus, rusdilli orta məktəblərdə təhsil alanlar üçün qazax dili;

Seçmə fənn (fizika, kimya, dünya tarixi, ədəbiyyat, xarici dil, coğrafiya).

Test tapşırıqları Milli Test Mərkəzi tərəfindən tərtib edilir və yalnız 1-11-ci siniflərdə keçilmiş tədris planı çərçivəsində tərtib olunmuş suallar daxil edilir. Testlər hər il 25% yenilənir. Hər fənn üzrə sualların sayı 25, cəmi isə 125 olur. İmtahan 210 dəqiqə (3,5 saat) davam edir.

İmtahan məktəblərdə deyil, VMT-nin xüsusi məntəqlərində keçirilir, əməkdaşlar binaya xüsusi rejim qaydasında daxil olurlar. Test imtahanlarının keçirildiyi binada imtahanlar üçün istifadə olunmayan bütün otaqlar və auditoriyalar bağlı saxlanılır. Əsas giriş istisna olmaqla, binanın bütün giriş və çıxışları bağlanır və möhürlənir. Abituriyentlər auditoriyaya bir-bir daxil olur, şəxsiyyət sənədi ilə müəyyən edilirlər. İmtahan zalına qələm və kağız parçasından başqa, kalkulyator, şparqalka, dərslik və kitablar, mobil telefon, noutbuk və digər əşyaların gətirilməsi qadağandır. Kənar əşyalar aşkar edildikdə imtahan nəzarətçiləri tərəfindən akt tərtib edilir və həmin şəxsin nəticələri ləğv edilir.

VMT başa çatdıqdan sonra abituriyentlərə ümumi orta təhsil haqqında attestat və sertifikat verilir. Sertifikat imtahan keçirildikdən 3 təqvim günü ərzində VMT-ni keçirən məntəqə tərəfindən təqdim olunur. Sertifikatda hər bir imtahan verilən fənn üzrə və ümumi bal qeyd olunur.

Məlumata əsasən, 2016-cı ildən başlayaraq VMT-ni uğursuz verən məzunlara təkrarən testdən keçmək üçün ikinci şans verilir. Qeyd olunan imtahan Təhsil və Elm Nazirliyi tərəfindən təyin olunan universitetdə keçirilir.

Təkrar keçirilən test imtahanında dörd fəndən imtahan vermək lazımdır:

Tədris dili; riyaziyyat; Qazaxıstan tarixi; seçmə fənn.

Günel Yaşarqızı
Müəllifin digər yazıları