Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-03 09:00:00
Abşeron gəncləri peşə və ixtisas seçiminə dəstək məqsədilə təlimlərə cəlb olunublar

Xırdalandakı Heydər Əliyev Mərkəzində “Gənclik gələcəkdir! Uğurun üçün çalış” peşə və ixtisas seçiminə dəstək məqsədilə Gənclər Fondunun dəstəyi ilə keçirilən layihə çərçivəsində təlim təşkil edilib. Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin səriştə əsaslı peşə və ixtisas seçimində onlara dəstək olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına töhfə verməkdir.

AzEdu.az xəbər verir ki, Dövlət İdarəçilik Akademiyası İctimai əlaqələr, elektron tədris və informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri Yusif Ağayev, “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının müəllimi Miraqil Seyidzadə, “Politologiya” kafedrasının müəllimi Zaur Məmmədov, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin nümayəndəsi Rayaxanım Ağazadə, tələbələr və digərləri tədbirdə çıxış edərək, cəmiyyət həyatı üçün region gənclərinin doğru peşə və ixtisas seçiminin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyi işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatı olmaqla bərabər, eyni zamanda, cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından vacibdir.

“Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı təlim zamanı gənclərin sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.