Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-15 13:25:00
Yeni tədris ilində 893 nəfər daimi əsaslarla işə qəbul olunub - Rəşad Tağıyev

"2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 1145 vakansiya təqdim edilib, həmin vakansiyalar üzrə ümumilikdə 790 nəfərin daimi əsaslarla işə qəbulu həyata keçirilib".

AzEdu.az-ın məlumatına görə, bunu BŞTİ müdiri Rəşad Tağıyev "Bakı təhsili: uğurlar və hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müəllimlərin işə qəbulu müsabiqəsində tutulmayan və sonradan yeni yaranan vakansiyaların, eləcə də müəyyən səbəbdən (xəstəlik, sosial məzuniyyət və s.) işdə olmayan müəllimlərlə əlaqədar yaranan kadr ehtiyacının təmin edilməsi məqsədilə 2018-2019-cu tədris ili ərzində müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1210 müəllim müddətli müqavilə ilə işə qəbul üçün göndərilib: "2019-2020-cu tədris ili üçün Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 1442 vakansiya təqdim edilib, həmin vakansiyalar üzrə ümumilikdə 893 nəfərin daimi əsaslarla işə qəbulu həyata keçirilib. Müəllimlərin işə qəbulu müsabiqəsində tutulmayan və sonradan yeni yaranan vakansiyaların, eləcə də müəyyən səbəbdən (xəstəlik, sosial məzuniyyət və s.) işdə olmayan müəllimlərlə əlaqədar yaranan kadr ehtiyacının təmin edilməsi 2019-2020-ci tədris ili ərzində MİQ müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi vasitəsilə davam etdiriləcək".

R.Tağıyev bildirib ki, 2018-ci ildə ümumilikdə 395 nəfərin işə qəbulu həyata keçirilib: "Onlardan 61-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 25-i tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 30-u psixoloq, 29-u kitabxanaçı, 16-sı gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 44-ü uşaq birliyi təşkilatı rəhbəri, 190-ı laborant vəzifələrinə, 5-i BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. 2019-cu ildə müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən 404 nəfərin 246-sı vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul edilib. Onlardan 35-i təlim-tərbiyə işləri üzrə direktor müavini, 26-sı tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 8-i gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, 18-i psixoloq, 16-sı uşaq birliyi təşkilatı rəhbəri, 116-sı laborant, 27-si kitabxanaçı vəzifəsini seçib".

Şükufə Süleymanlı
Müəllifin digər yazıları