Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-05 09:25:28
Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Tbilisidə konsert veriblər

Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar SOCAR-ın Gürcüstan nümayəndəliyinin Tbilisidəki baş ofisinin zalında konsert verib.

AzEdu.az "report"a istinadən xəbər verir ki, konsert Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bildirib ki, səfirlik və SOCAR-ın Gürcüstan nümayəndəliyi ulu öndərin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb. Bu tədbir də həmin planın tərkib hissəsidir. Akademiyanın prorektoru Nərminə Quliyeva Azərbaycanda musiqi və incəsənətin inkişafına göstərilən dövlət qayğısından danışıb. Tbilisidə belə bir tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlıq edib. Bakı Musiqi Akademiyasının müəllim və tələbələri Üzeyir Hacıbəyli, Qara Qarayev, Fərhad Bədəlbəyli, Tofiq Quliyevin əsərlərini və dünya klassik musiqisindən parçalar ifa ediblər. Konsertdə Azərbaycan səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstandakı Azərbaycan şirkətlərinin əməkdaşları, elm, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.