Azedu.az

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF

AzEdu Təhsil Platforması

26 Sentyabr 2026, 11:16
Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF

"Buraxılış imtahanlarında yeni formatların tətbiqinə ehtiyac var. Bu dəyişikliklər təkcə xarici dil fənni ilə məhdudlaşmamalıdır".

Bu sözləri "AzEdu podkast"ında təhsil tədqiqatçısı Elmin Nuri buraxılış imtahanlarında gözlənilən dəyişikliklər barədə danışarkən deyib. Yeni imtahan modelinin tətbiqindən sonra, xüsusilə 2019-cu ildən etibarən buraxılış imtahanlarında köklü dəyişikliklərin baş vermədiyini bildirib.

O qeyd edib ki, son illərdə əsas dəyişikliklər daha çox xarici dil fənni ilə bağlı olub:

"Buraxılış imtahanlarında ciddi, əsaslı, köklü dəyişikliklər olmayıb. Dəyişikliklər əsasən xarici dillə bağlıdır. Məsələn, IX sinif buraxılış imtahanında xarici dil fənninə dinləmə sualları əlavə olunur. Amma düşünürəm ki, bu formatda daha fərqli yeniliklərə ehtiyac var".

Təhsil tədqiqatçısının sözlərinə görə, ana dili, riyaziyyat və xarici dil buraxılış imtahanlarının əsasını təşkil edən üç fəndir və bu fənlərin məzmun xətləri kifayət qədər genişdir:

"Bu üç fən ona görə seçilib ki, şagirdin təfəkkürünü, düşüncə qabiliyyətini müəyyən mənada göstərmək gücündədir. Ana dilində oxuyub-anlama, riyaziyyatda isə fəza və məntiqi düşüncə kimi məzmun xətləri var. Bunlar çox vacib istiqamətlərdir. Amma biz buraxılış imtahanlarında yalnız xarici dillə bağlı yeniliklərlə məhdudlaşmamalıyıq. Bəzi yeni formatlar digər iki fəndə də öz əksini tapmalıdır".

Təhsil tədqiqatçısı Azərbaycan tarixinin də buraxılış imtahanlarına əlavə edilməsinin tərəfdarı olduğunu bildirib:

"Biz bir neçə dəfə demişdik ki, Azərbaycan tarixi fənni də buraxılış imtahanlarına əlavə olunsun. Sırf Azərbaycan tarixi. Yenə də bu fikrin üzərində dururuq. İnanın, bu çox vacibdir".

O qeyd edib ki, buraxılış imtahanları şagirdin gələcək təhsil həyatında mühüm göstəricilərdən biri olmaqla yanaşı, onun düşüncə və bilik səviyyəsini müəyyənləşdirən vasitələrdən biridir:

"Azərbaycan tarixinin məzmun xəttində milli kimliyi, milli düşüncəni daha da gücləndirən, möhkəmləndirən alt qatlar çoxdur. Biz hər şeyi “çətindir”, “uşaqlar üçün ağırdır” mexanizminə sığışdırmamalıyıq. Gələcəyin daha hazırlıqlı insanını görmək istəyiriksə, bəzi mürəkkəbliyə, lazım gəlsə, getməliyik".

Elmin Nuri Azərbaycan tarixinin buraxılış imtahanına əlavə edilməsinin şagird üçün ciddi əlavə yük yaradacağı fikri ilə razılaşmadığını da bildirib:

"Hamı yazır ki, bəsdir, uşaqlardan əl çəkin, nə qədər əziyyət çəkməlidirlər. Açıq danışaq, Azərbaycan tarixini buraxılış imtahanına hazırlaşmaq üçün əlavə oxumaq və imtahanda onu yaxşı cavablandırmaq əziyyətdirmi? Şəxsən mən bunu əziyyət kimi görmürəm. Bu fikrin üzərində yenə də dururam: bu gün bizim buraxılış fənlərimizin əsas predmetlərinin yanına Azərbaycan tarixi də əlavə olunmalıdır".

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox