Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-17 11:11:00
Buraxılış imtahanının nəticələri neçə il qüvvədə olacaq? -RƏSMİ

2019-cu ildə keçirilən qəbul imtahanları yekunlaşıb.

Abituriyentləri hazırda ən çox maraqlandıran məqamlardan biri buraxılış imtahanlarının nəticələrinin neçə il qüvvədə qalması ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olacaq.

Bu nəticələr cari və növbəti tədris illərində abituriyentə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında keçirilən tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanında iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

Yəni, abituriyent istəyindən asılı olaraq  builki nəticəsi ilə gələn il həm kolleclərin müsabiqəsinə qatıla, həm də qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman, onun ötənilki buraxılış balı blok imtahanında topladığı nəticənin üzərinə gələrək cəmlənəcək.

Qeyd edək ki, yeni modelə əsasən, buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənir və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulur. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları