Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 17:56:58
“Xətkeş qalxıb uşağın alnına dəyib” – Döyülən  şagirdlə bağlı rəsmi açıqlama

 

Bakı Şəhər Təhsil İdarəsi şəhərin mərkəzindəki 189-190 saylı orta məktəbdə sinif rəhbərinin I sinif şagirdini döyməsiylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, aprelin 30-da dərs zamanı məktəbin 1-ci sinif şagirdinin davranışı ilə bağlı problem müşahidə olunub.  Şagird qələmin mürəkkəbini partaya tökərək, özünün əl-üzünü və partanı çirkləndirib. Bunu görən müəllim hisslərini cilovlaya bilməyərək, ehtiyatsızlıqdan xətkeşi stola çırparkən xətkeş qalxıb uşağın üzünə dəyib.

Məsələ ilə bağlı məktəb direktoru tərəfindən müəllimin izahatı alınıb. İzahatda şagirdin məktəbdaxili nizam-intizam qaydalarına əməl etməməsi, dərsləri müntəzəm pozması, sinif yoldaşlarına qarşı kobud davranışı qeyd olunub.

Məktəb rəhbərliyi məsələ ilə bağlı  müvafiq addım ataraq şagirdin valideyini dəvət edib və onunla söhbət aparılıb. Həmin şagirdin məktəbdaxili nizam-intizam qaydalarına riayət etmədiyi valideyinə bildirilib.

Məktəb rəhbərliyi tərəfindən müəllimə “Müəllimlərin etik davranış Qaydaları”nın 4.1.1, 4.1.3, 4.1.9-cu bəndlərinin tələblərini pozduğuna görə Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndi ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib və bu kimi halların təkrarlanmasının yolverilməz olduğu bildirilib.

Qeyd edək ki, hadisə barədə uşağın valideyni Xanım Əliyeva sosial şəbəkə hesabında məlumat yaymışdı.

 

 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları