https://www.zirve.edu.az/
28.04.2018 00:42
Azərbaycanın 28 aprel işğalı - AXC-nin süqutundan 98 il keçir

Bu gün 28 aprel istilasının, yəni Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) süqutundan 98 il keçir. 


AzEDU.az saytının məlumatına görə, ölkəmiz Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qalıb. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atıb. Çar Rusiyasının müstəmləkəçilik siyasətini davam etdirən bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətinin var olduğu 23 ayda onu daim yıxmağa cəhd edirdilər. 


XX yüzilin başlanğıcında Rusiyada baş verən sosialist inqilabının havası Azərbaycandakı ictimai zümrələr arasında bölücülüyə gətirib çıxardı. 


Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o çağlar Azərbaycanda müxtəlif təşkilatlarda, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 98 il əvvəl Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı. 


Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü.

Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi. 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı.

Müasir Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci aprelin 28-dək mövcud olan AXC-nin hüquqi, siyasi və mənəvi varisidir.