https://www.zirve.edu.az/
25.04.2018 16:15
Dövlət qulluğunda çalışanlar və ora qəbul olmaq istəyənlərlə bağlı statistika

Dövlət İmtahan Mərkəzi tərəfindən 22 aprel 2018-ci il tarixində inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1181 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 536 nəfər (45.3% ) imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlədən 491 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilən şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla  işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin  sayı 43 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 11 nəfər imtahandan uğurla keçmişdir. Dövlət qulluğunda çalışan və test imtahanında uğur qazanmış 11 nəfərdən 7 nəfər hazırda çalışdığı vəzifədən daha yüksək vəzifə qrupu üzrə sertifikat almışdır. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha  yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər. 3 nəfər hazırda çalışdığı vəzifəyə uyğun, bir nəfər isə daha aşağı vəzifə qrupu üzrə sertifikat əldə edib.

Müddətli əmək müqaviləsi və digər əsaslarla  işə qəbul edilən şəxlərdən isə 393 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 108 nəfər (27.5%) müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 21 nəfər uğur əldə edib.

Beləliklə ümumi statistikaya nəzər yetirdikdə aydın olur ki, ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin 45.3%-i, digər kaetoqoriyaya aid olanların isə 28.5%-i test imtahanından uğurla keçib. İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər müvəffəqiyyət göstəricilərinin daha yüksək olması bundan əvvəl keçirilən imtahanlarda da müşahidə olunub.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib.