https://www.zirve.edu.az/
25.04.2018 11:27
“Bizə köhnə nəzəriyyələri öyrədirdilər, ancaq onlar da işə yarayırdı” - Araz Ağalarovun təhsillə bağlı məqaləsi

“Sovet dövrünün adamları elə tərbiyə alıblar ki, əgər sən nəyisə düzgün imzalamasan və ya anlaşmasan, onlar səni əzməyə qalxmayacaqlar. Bununla belə, sovet təhsili real edirdi, çünki kifayət qədər əsaslı və fundamental təhsil idi”.

AzEdu.az xəbər verir ki,  bunu Azərbaycan əsilli, rusiyalı oliqarx-milyarder, iqtisad elmləri doktoru Araz Ağalarov “RBC Daily”  xəbər agentliyi üçün yazdığı xüsusi məqaləsində qeyd edib.

O, məqalədə təhsillə bağlı bir sıra məqamlara toxunub. O qeyd edib ki, sovet dövrünün adamları ilə müasir gənclər arasında bir çox fərqlər var:

“Mən aspiranturada oxuyan zaman çox işləməyi öyrəndim. Demək olar, bizə köhnə nəzəriyyələri öyrədirdilər, ancaq bu biliklər də işə yarayırdı. Aydın məsələdir, bizə deyirdilər ki, ancaq Marks haqlıdır. Ancaq iqtisadiyyat iqtisadiyyatdır - tələb və təklifi biz gözəl başa düşürdük. Hamı o saat başa düşmürdü ki, yenidənqurma hər şeyi dəyişəcək, qeyri-leqal olan leqallaşacaq.

Sovet dövründə sıravi vətəndaş idim, nazirlikdə işləyirdim. Sonra qərar verdim ki, dəyişilmək lazımdır. Moskvaya gəldim, dissertasiya müdafiə etdim, biznesə başladım. 1989-cu ildə şirkət yaratdım”.

Araz Ağalarovun sözlərinə görə, gərgin iş rejiminə öyrəşən insan üçün istirahət əsl işgəncədir:

“Sən başa düşürsən ki, vaxtını sadəcə, boş yerə sərf edirsən, bunun əvəzində isə maraqlı və faydalı nəsə yarada bilərdin. Sən isə bunun əvəzində ya çimərlikdə ya da divanda uzanmısan”.

Qeyd edək ki, Araz Ağalarov 1955-ci il, noyabrın 8-də Bakı şəhərində anadan olub. 1977-ci ildə Bakı Politexnik Universitetini, 1977-1983-cu illər isə Elmi-Tədqiqat İnstitutunu bitirib. 1983-1987-ci illərdə SSRİ Həmkarlar İttifaqlarının Ümumittifaq Mərkəzi Şurası yanında Ali Məktəbin dinləyicisi olub. 1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə "Komtex" adlanan kompüter texnologiyaları sərgisini təşkil edib. 1995-ci ildə sərgi Komdex (Las-Veqas) və Cebit (Hannover) sərgilərindən sonra statusuna görə, dünyada üçüncü yeri tutub. 2002-ci ildən indiyədək "İstehsalcılar və İdxalcılar İttifaqı" qeyri-kommersiya təşkilatının prezidentidir. Moskva Beynəlxalq Biznes Assosiasiyasının vitse-prezidenti, Müslum Maqomayev adına Mədəni-Musiqi İrsi Fondunun təsisçisidir. Araz Ağalarov 50-dən çox elmi işin, 'Rossiya na puti k rınku" monoqrafiyasının müəllifi, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti Federal Şurasının üzvüdur. Eyni zamanda,  "Biznes i vıstavkı" jurnalının baş redaktordur.

2012-ci ildə "Forbes" jurnalının Rusiyanın "Daşınmaz əmlak kralları"na dair hazırladığı reytinqdə ikinci yeri tutub.

Araz Ağalarov bir çox istedadlı azərbaycanlıların xaricdə təhsil almasına köməklik göstərib.

Forbesə görə iş adamının sərvəti 1.75 milyard dollar təşkil edir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları