Son illər ölkəmizdə aktual mövzulardan biri də magistratura təhsilidir. Belə ki, cəmiyyətimizdə bir çoxları düşünür ki, magistratura oxumaq vaxt itkisidir. Çünki bakalavr təhsilindən heç də fərqlənmir. Fikirlər, təbii ki, müxtəlifdir. Bir çoxları isə bu fikirlə razılaşmır.
Ancaq reallıqda magistraturaya sənəd verənlərin sayında hər il cüzi də olsa artım müşahidə olunur.
Məlumdur ki, ölkəmizdə bir çox universitetlərdə magistratura təhsili mövcuddur. Lakin hamısında təhsil eyni səviyyədə deyil.
AzEdu.az bu səbəbdən Azərbaycan universitetləri arasında ən yaxşı magistratura təhsili verən ali məktəblər haqqında mütəxəssislərlə həmsöhbət olub.
Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, İlqar Orucovun fikrincə, ixtisaslaşmalar üzrə ən yaxşı magistratura təhsili verən ali məktəblər bunlardır:
"Azərbaycanda magistratura pilləsində təhsil keyfiyyətindən danışarkən, hesab edirəm ki, təhsilin keyfiyyətini fərqləndirən vacib indikatorlara diqqət yetirməliyik. Yəni ali təhsil müəssisələrini həm beynəlxalq reytinqlərdəki mövqeyinə, həm də konkret ixtisas sahələri üzrə əmək bazarındakı nüfuzuna görə dəyərləndirmək yanaşmamızı daha obyektiv edir. Azərbaycanda, təbii ki, magistratura pilləsində keyfiyyətli təhsili ilə seçilən universitetlər mövcuddur:
Azərbaycan Dövlət İqtisad Universiteti iqtisadiyyat və biznes sahəsində ölkənin lider universitetidir. Burada 19 ixtisas üzrə, eyni zamanda 56 ixtisaslaşma üzrə qəbul aparılır. UNEC Biznes Məktəbi MBA proqramı üzrə ölkədə birinci yerdədir və beynəlxalq reytinqlərdə 56-cı pillədə qərarlaşıb. Universitetdə ikili diplom proqramları mövcuddur və ən vacib məqamlardan biri də məzunların məşğulluq səviyyəsidir ki, bu göstərici 89 faizdən bir qədər yuxarıdır.
Eyni zamanda Bakı Dövlət Universiteti fundamental elmlər, hüquq və humanitar sahələr üzrə ən güclü bazaya malik ali təhsil müəssisələrindən biridir. Bunun əsas səbəblərindən biri universitetin zəngin tarixi və formalaşmış elmi ənənələridir. Uzun müddət ölkədə “universitet” anlayışı məhz Bakı Dövlət Universiteti ilə assosiasiya olunurdu. Universitetin bünövrəsi və tarixi burada fundamental elmlər, hüquq və humanitar sahələr üzrə güclü elmi bazanın formalaşmasına şərait yaradıb. Bu istiqamətlər üzrə universitetin göstəricilərinin yüksək olduğunu və ikili diplom proqramlarının da həyata keçirildiyini qeyd etmək olar.
Növbəti universitet kimi ADA Universitetini dəyərləndirərdim. Burada beynəlxalq standartlara uyğun təhsil və ingilis dilli mühit mövcuddur. Universitetin beynəlxalq əməkdaşlığı, ikili diplom proqramları və təhsil müddətində tələbələr üçün yaradılmış təcrübə imkanları olduqca önəmlidir. Xüsusilə dövlət idarəçiliyi, diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura proqramları baxımından ən nüfuzlu universitetlərdən biri hesab edilə bilər.
Dördüncü universitet kimi Bakı Ali Neft Məktəbini qeyd etmək olar. SOCAR və beynəlxalq enerji şirkətləri ilə sıx əməkdaşlıq nəticəsində məzunların işlə təmin olunma faizi kifayət qədər yüksəkdir. Burada avtomatika, neft-qaz mühəndisliyi və bərpa olunan enerji sahələrində keyfiyyətli magistratura təhsili verilir.
Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində də bu istiqamətlər üzrə kifayət qədər yaxşı imkanlar təqdim olunur. Magistratura təhsili, bildiyimiz kimi, yalnız tədrislə məhdudlaşmamalı, həm də elmi-tədqiqat üçün güclü baza - laboratoriyalar, tədqiqat mühiti və texniki imkanlar olmalıdır. Bunlar olduqca vacib amillərdir.
Əmək bazarı ilə əlaqə, tədqiqat mühiti, keyfiyyətli təhsil, ikili diplom proqramları, beynəlxalq əməkdaşlıq və məzunların işlə təmin olunma faizi kimi göstəriciləri nəzərə alaraq düşünürəm ki, adını çəkdiyim universitetlər həqiqətən də seçilən ali təhsil müəssisələridir.
Yəni fundamental elmlər və hüquq sahəsində magistratura üzrə keyfiyyətli təhsil dedikdə Bakı Dövlət Universitetini, diplomatiya və beynəlxalq idarəetmə üzrə ADA Universitetini, biznes və maliyyə ixtisaslaşmaları üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, mühəndislik sahələri üzrə isə Bakı Ali Neft Məktəbini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetini yaxşı nümunələr kimi fərqləndirmək olar"-deyə müsahibimiz qeyd edib.