Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2026-cı ildə keçirilən sertifikatlaşdırma imtahanlarında tarix fənni üzrə 5 571 müəllim iştirak edib.
Onlardan 4 194 nəfər uğur qazanıb, 1 377 müəllim isə uğursuz nəticə göstərib.
Bu fənn üzrə orta bal 39 olaraq qeydə alınıb.
Tarix müəllimlərinin sertifikasiya imtahanının nəticələri və imtahan sualları ətrafında müzakirələr davam edir. Bir sıra müəllimlər sualların həddindən artıq çətin tərtib olunduğunu, hətta bəzi test tapşırıqlarında səhvlərə yol verildiyini iddia edirlər. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər edilsə də, indiyədək imtahan suallarında səhv olduğu barədə rəsmi təsdiq verilməyib.
Maraqlıdır, tarix fənnindən sertifikasiya həqiqətən çətin olub?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Cahid İmanlı bildirib ki, sertifikasiya imtahanından sonra bütün fənlərdən həm ixtisas üzrə, həm də hökmən metodika üzrə statistik nəticələr elan edilməlidir:

"Bu zaman imtahanda iştirak edənlərin ixtisas fənni və metodika üzrə nəticələrini ayrıca izləmək, eləcə də fənlər üzrə təqdim olunan sualların çətinlik dərəcəsinə aydınlıq gətirmək mümkün olar.
Tarix müəllimlərinin nəticələrinin zəif olmasının əsas səbəblərindən biri dərsliklərin hər il dəyişdirilməsidir. Belə ki, son illərdə dərsliklərin mütəmadi yenilənməsi və buna uyğun olaraq məzmunun dəyişməsi müəllimlər, xüsusilə də yaşlı nəsil üçün çətinlik yaradır.
Digər səbəblərdən biri isə qəbul imtahanlarında tarix fənninin blok imtahanına yalnız II və III ixtisas qrupları üzrə daxil edilməsidir. Yəni bu fənn üzrə müəllimlərin yalnız kiçik bir hissəsi repetitor fəaliyyəti ilə məşğul olur ki, bu da dolayısı ilə onların öz üzərində daha az işləməsinə səbəb olur.
Müqayisə üçün qeyd edim ki, şagirdlər XI sinfin bütün ixtisas qrupları üzrə, eləcə də kolleclərə qəbul və IX sinfin buraxılış imtahanlarında Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verirlər. Nəticədə bu fənlər üzrə "hazırlıqlı" müəllimlərin sayı da daha çox olur.
Sertifikasiyanın nəticələri ilk növbədə Elm və Təhsil Nazirliyi üçün ciddi siqnal olmalıdır. Bu nəticələr ayrı-ayrı müəllimlərin göstəricisi kimi deyil, ümumi şəkildə təhlil edilməli, mövcud problemlər müəyyənləşdirilməli və onların aradan qaldırılması istiqamətində zəruri addımlar atılmalıdır".
ADPU SABAH mərkəzi akademik məsləhətçi, təhsil mütəxəssisi Əlmusa Atamalıyev qeyd edib ki, sertifikatlaşdırmanın nəticələrinə yalnız rəqəmlər prizmasından yanaşmaq fikrimcə düzgün olmaz:
"Orta balın 39 olması göstərir ki, tarix müəllimlərinin əhəmiyyətli bir hissəsi minimum tələbləri ödəsə də, yüksək nəticə göstərən müəllimlərin sayı hələ də arzuolunan səviyyədə deyil. Bu, tarix fənninin tədrisində müəyyən inkişaf ehtiyaclarının mövcud olduğunu göstərən bir siqnaldır.
Tarix yalnız faktların əzbərlənməsi deyil, hadisələrin səbəb-nəticə əlaqələrinin təhlili, tənqidi düşünmə və şagirdlərdə analitik bacarıqların formalaşdırılması deməkdir. Sertifikatlaşdırmanın nəticələri də bu istiqamətdə müəllimlərin peşəkar inkişafının davamlı olmasının vacibliyini ortaya qoyur.
Hesab edirəm ki, burada tək bir səbəbdən danışmaq doğru olmaz. Birinci amil məzmun biliyinin müasir kurikulumun tələblərinə uyğun yenilənməməsidir. İkinci mühüm amil isə qiymətləndirmə və tədris metodikalarıdır. Müasir tarix müəllimi yalnız məlumat ötürən deyil, həm də şagirdlərdə araşdırma və təhlil bacarıqları formalaşdıran fasilitator olmalıdır.
Digər tərəfdən, bəzi müəllimlər imtahan formatına kifayət qədər adaptasiya ola bilmirlər. Test texnologiyası, vaxtın düzgün idarə olunması və yeni tip tapşırıqlarla işləmək bacarığı da nəticələrə ciddi təsir göstərir. Yəni uğursuz nəticələri yalnız bilik çatışmazlığı ilə əlaqələndirmək obyektiv olmaz".
Əgər sertifikatlaşdırma yalnız qiymətləndirmə vasitəsi kimi deyil, inkişaf mexanizmi kimi tətbiq olunarsa, onun müsbət təsiri daha böyük olacaq:
"Müəllim öz zəif tərəflərini müəyyənləşdirəcək, hədəfli təlimlərdə iştirak edəcək və nəticədə dərs prosesində daha effektiv metodlardan istifadə edəcək. Bu isə birbaşa şagird nailiyyətlərinə müsbət təsir göstərəcək. Sertifikatlaşdırmanın əsas məqsədi müəllimi cəzalandırmaq deyil, onun peşəkarlığını artırmaq olmalıdır. Bu yanaşma formalaşdıqca ümumi təhsilin keyfiyyəti də yüksələcək.
Məncə, ilk növbədə nəticələr ətraflı təhlil edilməli və müəllimlərin hansı mövzularda daha çox çətinlik çəkdiyi müəyyənləşdirilməlidir. Bunun əsasında regionlar üzrə diferensial ixtisasartırma proqramları hazırlanmalıdır. Eyni zamanda, nümunəvi test banklarının genişləndirilməsi, onlayn hazırlıq platformalarının yaradılması, praktik metodika üzrə seminarların sayının artırılması və mentorluq sisteminin tətbiqi məqsədəuyğun olardı.
Digər vacib məsələ isə sertifikatlaşdırmanın nəticələrinin müəllimlərin peşəkar inkişaf planları ilə əlaqələndirilməsidir. Yəni qiymətləndirmədən sonra hər bir müəllim üçün fərdi inkişaf xəritəsi hazırlanmalı, zəif olduğu istiqamətlər üzrə ona dəstək göstərilməlidir. Belə olduqda sertifikatlaşdırma sadəcə imtahan deyil, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə xidmət edən davamlı inkişaf mexanizminə çevriləcək.
Sonda onu demək istərdim ki, tarixi anlayan müəllim yalnız dərs keçmir, millətin gələcək yaddaşını formalaşdırır".