Azedu.az

Bu ixtisaslar həm yüksək gəlir, həm də karyera vəd edir -  bütün qruplar üzrə SİYAHI

İmtahanlar və qəbul məsələləri

3 İyul 2026, 16:13
Bu ixtisaslar həm yüksək gəlir, həm də karyera vəd edir -  bütün qruplar üzrə SİYAHI

"İxtisas seçərkən təkcə hazırda mövcud olan maaşa deyil, 10–15 il sonrakı əmək bazarına baxmaq lazımdır".

Bu sözləri AzEdu.az-a təhsil eksperti Vüsət Əzizov deyib.

O bildirib ki, bu gün əmək bazarında işəgötürənlər diploma deyil, bacarıqlara daha çox önəm verirlər:

"Bu gün populyar olan bəzi peşələr gələcəkdə əvvəlki qədər tələbat görməyə bilər, əvəzində yeni sahələr sürətlə inkişaf edə bilər. Ən perspektivli ixtisasları ixtisas qrupları üzrə qeyd etmək olar.

I ixtisas qrupu üzrə, əsasən, riyaziyyat-informatika altqrupuna aid data analitikası, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları və bu istiqamətə yaxın digər ixtisaslar, həmçinin riyaziyyat-kimya altqrupuna aid kimya mühəndisliyi pedaqoji ixtisaslar qarşıdakı onillikdə də ən perspektivli istiqamətlərdən olacaq.

Bu sahələrdə çalışan mütəxəssislər həm Azərbaycanda, həm də beynəlxalq əmək bazarında yüksək gəlir əldə etmək imkanına malikdirlər.

II ixtisas qrupunda isə maliyyə, iqtisadiyyat marketinq ixtisaslarını qeyd etmək olar. Artıq ənənəvi mühasibatlıq bilikləri kifayət etmir. Analitik düşüncə və rəqəmsal bacarıqlarla birləşən maliyyə və idarəetmə ixtisasları daha çox üstünlük qazanır.

III ixtisas qrupunda uğur daha çox ixtisasdan deyil, əlavə bacarıqlardan asılıdır. Təbii ki, burada hüquqşünaslıq ən perspektivli ixtisaslardan biri hesab olunur. Bundan başqa, beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, eləcə də pedaqoji ixtisasları qeyd etmək olar.

IV ixtisas qrupunda ilk növbədə tibb ixtisası ön plana çıxır. Bununla yanaşı, stomatologiya, fizioterapiya reabilitasiya ixtisasları da perspektivli istiqamətlərdəndir. Lakin bu sahələrdə yüksək gəlir əldə etmək uzunmüddətli təhsil və davamlı peşəkar inkişaf tələb edir.

V ixtisas qrupunda isə gəlir daha çox şəxsi istedad və əmək bazarında tanınmaqdan asılıdır. Buna baxmayaraq, rəqəmsal dizayn, animasiya, oyun dizaynı, multimedia vizual kommunikasiya kimi istiqamətlər ənənəvi incəsənət sahələrinə nisbətən daha geniş karyera imkanları yaradır".

Valideynlərə və abituriyentlərə tövsiyə edirəm ki, ixtisas seçərkən yalnız "ən yüksək maaşlı peşə" anlayışına əsaslanmaq düzgün deyil:

"Ümumilikdə, bütün ixtisas qruplarında yer alan pedaqoji ixtisaslara ölkəmizdə daim tələbat olacaq. Digər tərəfdən, repetitor fəaliyyəti ilə məşğul olmaq da əlavə gəlir mənbəyi ola bilər. Bu amil bəzi gənclərin həmin sahəyə maraq göstərməsinə səbəb olur.

Ancaq unutmaq olmaz ki, yüksək gəlirin sirri yalnız seçilən ixtisasda deyil. Bu gün əmək bazarında işəgötürənlər diploma deyil, bacarıqlara daha çox önəm verirlər. Eyni ixtisası bitirən iki məzunun gəlirləri arasında dəfələrlə fərq ola bilər. Buna xarici dil bilikləri, rəqəmsal bacarıqlar, layihə təcrübəsi, təcrübə proqramlarında iştirak, ünsiyyət və komanda ilə işləmək bacarığı, eləcə də davamlı öyrənmək istəyi təsir göstərir.

Valideynlərə və abituriyentlərə tövsiyə edirəm ki, ixtisas seçərkən yalnız "ən yüksək maaşlı peşə" anlayışına əsaslanmasınlar. Əmək bazarı sürətlə dəyişir və gələcəkdə uğurlu karyera üçün üç amilin vəhdəti vacibdir: şəxsi maraq və qabiliyyət, əmək bazarının tələbləri və davamlı inkişaf etmək istəyi. Müasir bacarıqlara yiyələnən və özünü daim inkişaf etdirən məzun, seçdiyi ixtisasdan asılı olmayaraq, əmək bazarında daha rəqabətqabiliyyətli və yüksək gəlir əldə edən mütəxəssisə çevrilə bilər".

Dövlət İmtahan Mərkəzi də hər il abituriyentləri və valideynləri ixtisas seçimi zamanı diqqətli olmağa çağırır:

"Bu məqsədlə ixtisas seçimi dövründə DİM-in Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər ödənişsiz xidmət göstərən bu mərkəzlərə müraciət edə bilərlər.

Abituriyent Məsləhət Mərkəzlərində xüsusi təlim keçmiş əməkdaşlar tələbə qəbulu qaydaları, elektron ərizə və ixtisas seçimi ərizələrinin doldurulması, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli məqamlar və digər məsələlərlə bağlı ödənişsiz məsləhət xidməti göstərirlər.

Əslində isə abituriyentlər Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi ixtisas seçimi jurnallarından istifadə etməklə və DİM-in rəsmi internet səhifəsində yerləşdirilən elektron xidmətlər vasitəsilə ixtisas seçimini heç bir ödəniş etmədən onlayn şəkildə həyata keçirə bilərlər. Bununla belə, tərəddüd edən və seçim etməkdə çətinlik çəkən abituriyentlərə və valideynlərə DİM-in ödənişsiz fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərinə müraciət etmələri tövsiyə olunur".

Rusiyada benzinə görə QIRĞIN BAŞLADI - Qadınlardan Putinə etiraz
Son xəbərlərDaha çox